06/02/2023 13:53
728 x 90

İlin sonunadək sülh sazişi mümkün olacaqmı? – "Paşinyan-Makron təxribatının" nəticələri...

Elşən Həsənov: “Ermənistanın müqavimətini qırmaq üçün biz hərbi əməliyyat da keçirə bilərik”

img

Son günlərə qədər belə fikirlər səslənirdi ki, cari ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ilkin addımlar atılacaq. Bu istiqamətdə bir müddət əvvələ kimi həm Qərb, həm Azərbaycan, həm də Ermənsitanda müəyyən optimist fikirlər yer almışdı.

Belə ki, ilin sonunadək sülh müqaviləsi istiqamətində həlledici addımın atılacağına ümidlər böyük idi. Lakin Paşinyan başda olmaqla, erməni rəsmilərinin son vaxtlar verdikləri sərsəm açıqlamalar 2022-ci ilin sonunadək sülh yolunda hansısa bir addımın atılacağına olan ümidləri puç etdi. Ermənistan tərəfi son addımları fonunda sülh müqaviləsi istiqamətində gedən proseslərə əngəl törətməyə çalışdığını ortaya qoyur. Müxtəlif bəhanələrlə bu sənədin məzmununu dəyişdirməyə çalışır. İrəvan sülh müqaviləsi məsələsi müzakirə olunan kimi, hər zaman qeyri-ciddi, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini özündə ehtiva edən təkliflərlə çıxış edir. İrəvan hər zaman belə məqamlarda müxtəlif bəhanələrlə bu kimi sənədlərin imzalanmasını pozmaqda maraqlı olub. Bu isə son nəticədə sülh müqaviləsi üzrə danışıqlara mənfi təsir göstərir, onu yubadır. Görünən odur ki, Ermənistan həm də sözügedən sənədə ciddi sənəd kimi baxmır. Ona hansısa ümumi məzmunlu çərçivə sənədi kimi baxır. Bu isə Azərbaycan üçün qəbuledilməzdir. İrəvanın tutduğu mövqe fonunda sülh müqaviləsi istiqamətində cari ilin sonunadək hər hansı bir nəticənin əldə olunacağını gözləməyə dəyməz.  Çünki ikin sonuna cəmi 1 ay vaxt qalıb. Bu müddət ərzində belə yanaşma sərgilənməsi, ziddiyyətli yanaşmalarla Ermənistandan sülhə gələcəyini gözləmək mümkün deyil.

Bu arada Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının rəhbəri Şarl Mişellə üçtərəfli görüşə gəlməkdən qorxduğunu rəsmən elan edib.

Bu barədə Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, Şarl Mişelin ofisindən ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edilib, bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makron iştirak edəcəyi təqdirdə razıdır.

Bu, Nikol Paşinyanın birbaşa görüşlərdə iştirak etməyə qorxduğu, 10 noyabr 2020-ci il bəyanatının əsas şərtləri – qanunsuz silahlı birləşmələrin çıxarılması və Zəngəzur dəhlizinin açılması tələbi yerinə yetirilmədiyi üçün təzyiqlərlə üzləşəcəyi, ona görə də Makronu “arxa kimi” gətirmək istəyinin nəticəsidir.

Xatırladaq ki, bundan öncə Prezident İlham Əliyev, regiona heç bir aidiyyəti olmamasına baxmayaraq, Fransa prezidentinin görüşdə iştirakına razılıq vermiş və Praqada dördlü görüş baş tutmuşdu. Lakin həm sözügedən görüşdə, həm də onun ardınca Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe Makronun vasitəçi deyil, “ikinci Paşinyan” kimi görüşə qatıldığını təsdiqləmişdi.

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin ilin sonuna qədər imzalanacağına inam çox azdır: “Daha vacibi isə odur ki, hərbi əməliyyat təhlükəsi mövcuddur. Sülh danışıqlarında irəliləyiş yoxdursa, eskalasiya risqi böyükdür. Hər dəfə hansısa məsələ ilə bağlı fikir ayrılığı ortaya çıxanda, Ermənistan tərəfdən qarşıdurma olur. Ermənistanın daxilində şayiələr dolaşır ki, sərhəddə gərginlik Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan müqavimət göstərir, biz  isə Zəngəzur dəhlizinin açılması ilə Laçın dəhlizinin qorunub saxlanılması arasında paralellik aparırıq. Bizim haqqımız var ki,

 Laçın dəhlizini bağlayaq  və Zəngəzur dəhlizi mövzusunda Ermənistana təzyiq göstərək. Ermənistanın müqavimətini qırmaq üçün biz hərbi əməliyyat da keçirə bilərik. Eyni zamanda, Ermənistan Qarabağdakı silahlılarını ərazimizdən çıxarmaq istiqamətində heç bir addım atmır. Bu məsələdə də bizim haqqımız var ki, antiterror əməliyyatı keçirək. Görünür, Ermənistan yenidən başından yumruq zərbəsi almaq istəyir”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər