Qloballaşma dövründə kibertəhdid bütün dövlətlər üçün olduqca aktual məsələdir. Kiberhücumlar sərhəd tanımır və bütün sektorların həmişə onlarla qarşılaşma risqi var. Ona görə də bu gün kibertəhlükəsizlik ölkələrin, cəmiyyətlərin bütün səviyyələrinə təsir edən strateji milli məsələyə çevrilib. Beynəlxalq təşkilatlar tərəfindən aparılan təhlillərə görə, kibercinayətkarlıq və kiberinsidentlər nəticəsində dünya iqtisadiyyatına dəyən illik zərər hazırda 1 trilyon ABŞ dollarından çoxdur. Bu göstəricinin 2025-ci ilə qədər 10 trilyon ABŞ dollarına yüksələcəyi təxmin edilir. Bu isə öz növbəsində ölkələr səviyyəsində hüquqi, təşkilati, texniki və texnoloji məqamları nəzərdə tutan ümummilli yanaşmanın formalaşdırılmasını tələb edir.
Kibertəhlükəsizlik məsələsinə Prezident İlham Əliyev də toxunub. Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda ekspertlərin suallarını cavablandırarkən qeyd edib ki, biz kibertəhlükəsizliklə məşğul olmalıyıq: “Bizim hansı modeli seçdiyimizi demək, ola bilsin ki, mənim üçün çətin olar. Düşünürəm ki, ekspertlər və mütəxəssislər mənə bununla bağlı məsləhətlərini verəcəklər, çünki mən bu sahə üzrə mütəxəssis deyiləm. Lakin biz yenə də qabaqcıl təcrübəyə, qabaqcıl texnologiyaya və ən yaxşı qorunmaya əsaslanaraq seçim edəcəyik. Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır. Ona görə də, sözsüz ki, biz bu məsələ ilə ciddi şəkildə məşğul olacağıq”.
“Son dövrlər bu istiqamətdə hüquqi sənədlər qəbul edilib, lakin bunları yetərli hesab etmək olmaz”
İKT sahəsi üzrə ekspert Nadim Əliyev qeyd etdi ki, son dövrdə Azərbaycanda bu sahədə xeyli iş görülüb və həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz bu nailiyyəti əldə edib: “Ölkəmizdə son dövrlər kibertəhlükəsizliklə bağlı bir sıra addımlar atılıb. Xüsusən də infrastruktur, qanunvericilik, koordinasiya işləri ilə bağlı xeyli iş görülüb. Bizdə kibertəhlükəsizliklə məşğul olan qurumlar var. Azərbaycanda kiberhücümların qarşısının alınması üçün koordinasiya məsələsində müsbət istiqamətdə xeyli addım atılıb. Eyni zamanda, burada qanunvericiliyin təkmilləşməsi məsələsi də var. Son dövrlər bu istiqamətdə hüquqi sənədlər qəbul edilib. Lakin bunları yetərli hesab etmək olmaz. Bizdə zaman-zaman baş verən hadisələr göstərir ki, bu sahədə problemlər var”.
Günel CƏLİLOVA