Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitənin üzvü Konstantin Zatulinin şərəfsizliyinə bax ki, Nikol Paşinyan hakimiyyətinin onunla bağlı bir belə həngaməsindən sonra yenə KTMT-ni düzgün addım atmamaqda ittiham edib.
Qeyd edək ki, Paşinyan hakimiyyətinə tənqidi münasibətinə görə Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Halbuki, uzun illərdir erməni lobbisindən yallanan Zatulin Ermənistanın maraqlarını qorumaq üçün dəridən-qabıqdan çıxır.
KTMT-nin son İrəvan toplantısı ilə bağlı Zatulin deyib ki, qurum gərək Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı fəal olaydı: “Mən, Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə, KTMT-nin daha fəal olmasının tərəfdarıyam. Biz hər şeyi öz adı ilə deməliyik. Azərbaycan qoşunlarının Ermənistan “ərazisi”ndə 8 kilometr irəliləməsi “pozuntu”dur və KTMT bunu çox əvvəl açıq şəkildə bəyan etməli idi. Vladimir Putinin İrəvana səfəri və Ermənistanın paytaxtında sammitin keçirilməsi KTMT-yə etimadı bərpa etmək üçün nəzərdə tutulmuşdu. Lakin Paşinyanın hərəkətləri, ictimai imtinası bu işi çətinləşdirdi və bu gün blokun tənqidçilərinə öz mövqelərini inkişaf etdirməyə imkan verdi”.
“Ermənistanda hakimiyyəti təmsil edənlər sərhədlərin dəqiqləşdirilməsindən danışdıqları halda...”
Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev Zatulinin məlum açıqlamasını həyasızlığın son həddi kimi dəyərləndirdi: “Rusiya Dövlət Dumasının deputatı, hər zaman ermənipərəst mövqeyi ilə seçilən, Azərbaycanda hər zaman hiddətlə yada salınan uğursuz bir fiqurdur. Zatulin qədər həyasız siyasi persona təsəvvür etmək çətindir. O, Ermənistanda Rusiyaya simpatiya görüntüsünü yaratmaq üçün dəridən-qabıqdan çıxır. Deyərdim ki, Ermənistan siyasi cameəsində Zatulinə münasibət birmənalı deyil. Əslində bu uğursuz siyasətçi Ermənistanda ən çox təhqir olunan simalardan biridir. Onun bir çox açıqlamalarının erməni cəmiyyətində qonşu dövlətlərə nifrəti, kini alovlandırmaq məqsədilə edildiyini bir çox ayıq-sayıq erməni politoloqları anlayaraq Zatulinin iç üzünü mətbuat vasitəsilə cəmiyyətə çatdırırlar. Zatulin Qarabağa qanunsuz səfər edən zamanlarda Rusiyanın tanınmış siyasətçiləri özləri etiraf etdilər ki; "Zatulinin Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyilə qətiyyən uzlaşmır". İndiki məqamda onun şər-böhtan sayıqlamaları erməni cəmiyyətinin Rusiyaya təzədən rəğbət yaratmağa hesablanmış addımlardan biridir. Hər kəsə məlumdur ki, Azərbaycan hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşır. Zatulin həyasızcasına yalanlar tirajlayaraq iddia edir ki, guya Azərbaycan Ermənistan "ərazisi"ndə 8 kilometr irəliləyib. Təsəvvür edin, Ermənistanda hakimiyyəti təmsil edənlər sərhədlərin dəqiqləşdirilməsindən danışdıqları halda, Zatulin ermənidən çox "erməni"lik etməkdədir. Əslində Zatulin çox yaxşı başa düşür ki, Ermənistan cəmiyyətində KTMT-nin heç bir nüfuzu yoxdur. Hətta etiraf edirlər ki, KTMT -yə üzv olan dövlətlərin hər biri Azərbaycanla bir sıra parametrlərlə müttəfiq dövlətlərdir. Hələ də Zatulin anlamaq istəmir ki, dünyada yeni siyasi reallıqlar yaranıb. Rusiya təcavüzkar siyasəti bütün dunyada bu dövlətə qarşı mənfi təsəvvür formalaşdırıb. Zatulin və onun kimi rusiyalı siyasətçilər elə düşünürlər ki, yalan şər-böhtanlarına dünyanı "inandıra" bilərlər. Ancaq yalan ayaq tutar, yeriməz”.
Sədr müavini onu da qeyd etdi ki, Azərbaycan XİN-i Zatulinin Azərbaycan əleyhinə apardığı təbliğata görə izahat tələb etməlidir.
Vidadi ORDAHALLI