Maraqlıdır ki, adətən Qarabağdakı erməni separatçılarından götürülən müsahibələri dərc edən, separatçı qurumu “respublika” kimi təqdim edən, bir sıra hallarda açıq şəkildə Ermənistanın mövqeyinə xüsusi önəm verən Rusiyanın rəsmi xəbər agentliyi olan “RİA Novosti” bu dəfə bir az çərçivəsindən kənara çıxdı.
Məsələ ondadır ki, “RİA Novosti” Agentliyinin KTMT-nin tədbiri ilə bağlı hazırladığı reportajda Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışı lağa qoyulub. Qeyd edilib ki, dövlət başçılarının heç biri Paşinyana qulaq asmırdı: “Paşinyan giriş nitqi söyləyərkən Putin qarşısındakı kağızlara baxırdı, Lukaşenko öz köməkçisi ilə danışırdı, Raxmon yayxanıb oturmuşdu, Japarov gözlüyünü silirdi, Tokayevin baxışları uzaqlara dikilmişdi. Yəni onun nə deməsi digər dövlət başçılarının vecinə də deyildi”.
Düzdür, “RİA Novosti”nin dəyərləndirməsi reallığı əks etdirir. Ancaq nə baş verdi ki, ermənipərəst mövqedən çıxış edən agentlik bu dərəcədə fərqli mövqe ortaya qoydu?
“Paşinyan əvvəlki tədbirlərdə qaldırdığı məsələləri yenidən təkrarladı və bu da zəhlətökən təsir bağışladığı üçün...”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədli bunun səbəbini Kremldən gələn təlimatla əlaqələndirdi: “Məsələ ondadır ki, Ermənistan Rusiya ilə birlikdə bir sıra qurumlarda təmsil olunsa da, Paşinyanın apardığı siyasət Moskvanın maraqlarına qarşı yönəlib. Söhbət ondan gedir ki, Paşinyan KTMT ölkələri ilə Azərbaycanı qarşı-qarşıya qoymaq istəyir. Bu da üzv ölkələr və o cümlədən Rusiya tərəfindən xoş qarşılanmır. O baxımdan, KTMT-nin son toplantısında yeni bir şey yox idi. Paşinyan əvvəlki tədbirlərdə qaldırdığı məsələləri yenidən təkrarladı. Bu da zəhlətökən təsir bağışladığı üçün digər üzv dövlətlər bir növ onu dinləmək istəmirdilər. Ona görə də “RİA Novosti” ritorik tərzdə Paşinyanın çıxışını təqdim edib. Paşinyan anlamaq istəmir ki, KTMT-nin aparıcı ölkəsi olan Rusiyanın Azərbaycanla yaxın əlaqələri var. İki ölkə arasında müttəfiqlik haqqında bəyannamə var. Yəni Azərbaycanla KTMT-nin üzvləri arasında münasibətlər elə səviyyədədir ki, Ermənistanın qaldırdığı hər hansı məsələ burada keçmir. Bunu Paşinyan bilə-bilə, ortalığı qızışdırmağa çalışır. Bu da daha çox Rusiyanı narahat edir. Çünki KTMT-nin yaradıcısı, orbitrı Rusiyadır. Bax bu və digər səbəblərdən Paşinyanın KTMT sammitində qaldırdığı məsələlər Rusiya mediasında ikrahla qarşılanır. Laqeyd, ironik münasibət sərgilənir”.
Media eksperti onu da əlavə etdi ki, Paşinyan eyni tələbləri təkrarlamaqla özünü daha gülünc duruma salmış oldu.
Vidadi ORDAHALLI