Mətbuatda yayılan məlumatlara görə, Almaniya İranda davam edən insan haqları pozuntularının araşdırılması üçün müstəqil BMT mexanizminin yaradılmasını təklif edib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT-nin İnsan Haqları Şurasının İranda insan haqlarının pisləşməsinə dair keçirilən xüsusi iclasında bildirib ki, bu, törədilmiş pozuntulara görə cəzasızlığın aradan qaldırılması, məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün önəmlidir. “İran BMT-nin xüsusi məruzəçisinin ölkəyə girişinə icazə verməməyə davam edir. Ona görə də biz indi İrandakı insan haqları pozuntularının araşdırılması üçün müstəqil və tərəfsiz BMT mexanizminin yaradılmasını təklif edirik. Beləliklə, məsuliyyət daşıyanlar məsuliyyətə cəlb ediləcəklər. Çünki cəzasızlıq ədalətə mane olur”, - Almaniya XİN rəhbəri qeyd edib.
“Bu məsələdə Almaniya daha çox İran adlı ölkədə rejim dəyişikliyinin yeni forma alması üçün fəallıq göstərir”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, İran adlanan ölkədə artıq iki aydan çoxdur baş verən bu proseslər, daha doğrusu rejimin əleyhinə yönələn qiyam, üsyan çox ciddi bir mərhələyə gəlib çatıb. “Artıq məsələ özünün pik nöqtəsinə gəlib yetişib. Bu, molla rejiminin təkbaşına həll edəcəyi, qərar verəcəyi bir məsələ deyil ki, bütün yollardan istifadə edərək üsyanı boğmağa, öz haqlarını tələb edən insanları susdurmağa nail olub rejim dəyişikliyinin qarşısını alsın. Hətta İranın parçalanması, ayrı-ayrı respublikalara bölünməsi məsələsi də gündəmə gəlməkdədir. Gerçəklik budur ki, mollakratiya rejimi tərəfindən insan haqları kobud şəkildə pozulur. Bu məsələnin BMT-nin İnsan Haqları Şurasında qaldırılması olduqca əhəmiyyətli bir məsələdir. Orada aparılan müzakirələr də göstərir ki, artıq bu məsələdə bir çox dövlətlərin ciddi şəkildə prosesə qoşulmaq marağı var. Bir tərəfdən, ABŞ-ın və Böyük Britaniyanın projeləri var. Bu indinin məsələsi deyil, əvvəldən də müəyyən projeləri olub. Digər tərəfdən də Avropa ölkələrinin, o cümlədən Almaniyanın həmişə İranla bağlı müəyyən düşüncələri, projeləri olub. Məsələn, İran adlanan ölkədə proseslər daha da dərinləşərsə, ABŞ-da və Böyük Britaniya projelərində artıq ayrı-ayrı dövlətlərin yaradılması məsələsi var. Almaniyada isə daha çox İrana münasibətdə federalizm məsələsi daim gündəmə gəlib. Almaniya BMT qarşısında bu təklifi təsadüfən səsləndirmir. Almaniya xarici işlər nazirinin irəli sürdüyü bu təklif də qətiyyən təsadüfi sayıla bilməz. Məncə, müstəqil BMT mexanizmi yaranacaqsa, fars-molla rejiminin rəhbərliyi onu qəbul etmək zorunda qalacaq. Proseslər elə bir həddə gəlib çatıb ki, Tehran rejiminin BMT-nin yaradacağı bu missiyanı qəbul etməkdən başqa çarəsi yoxdur. Hesab edirəm ki, bu məsələdə Almaniya daha çox İran adlı ölkədə rejim dəyişikliyinin yeni forma alması üçün fəallıq göstərir”.
Müstəqil BMT missiyasının yaradılmasının zəruri olduğunu deyən müsahibimiz hesab edir ki, nəticədə Tehran rejimi güzəştlərə getməyə məcbur olacaq. F.Ələkbərli qeyd etdi ki, bu gün öz haqları uğrunda mübarizəyə qalxan insanlara molla rejiminin əli silahlılarının atəş açması, kütləvi repressiya və həbslərin həyata keçirilməsi dəhşət doğurur. Siyasi şərhçinin fikrincə, xalqa atəş açanların hamısı bir-bir aşkarlanıb cəzasını alacaq, yəni rejim özü həmin şəxslərin cəzalandırılmasına razılıq verəcək. “Bu proses molla rejimini geri addım atmağa məcbur edəcək. Bu məsələdə fars-molla rejiminin hazırkı durumda Almaniya və digər ona yaxın dövlətlərlə razılaşması ola bilər. Amma ABŞ və Böyük Britaniyanın daha sərt mövqeyi var. Fars-molla rejimi ömrünün sona yaxınlaşdığını görüb, yeni bir rejimə dövr etməklə bağlı Almaniya ilə razılaşmaya gələ bilər. Proseslər də buna doğru gedir”.
F.Ələkbərli deyir ki, ola bilsin, BMT missiyası yaranacağı təqdirdə molla rejimi geriyə addım atıb islahata doğru getsin. O qeyd etdi ki, artıq Xamneinin də ölkənin islahatçı qanadı ilə danışıqlar apardığı gündəmdədir. “Rəisinin prezidentlikdən uzaqlaşdırılması çox ciddi şəkildə gündəmdədir. Yeni seçkilərin keçirilməsi, güzəştlərin tətbiqi, islahatların aparılması da qaçılmazdır. Rejim kökündən dəyişə və qadınlara bəzi hüquqlar da verilə bilər. Proses buna doğru gedir. Bu baxımdan, BMT-nin missiyasını İran qəbul edəcək, hətta onların səsləndirdiyi bəzi fikirləri də qəbul edəcək. Bütün hallarda bu ölkədə bir dəyişim baş verəcək”-deyə F. Ələkbərli vurğuladı.
İradə SARIYEVA