Azərbaycan bu gün mina terrorundan ən çox əziyyət çəkən ölkə kimi dünyada tanınır. Hər gün Ermənistanın mina terroru genişlənir və buna da hələ ki, “dayan”, “dur” deyən tapılmır.
Yayılan məlumatlara görə, Azərbaycanın azad olunmuş ərazilərində, eyni zamanda da sülhməramlıların məsuliyyət zonasında olan ərazilərdə mina problemi öz kəskinliyi ilə qalmaqdadır. Məlumatlara görə, Ermənistandakı Gümrü mina zavodunda istehsal olunan minaları Laçın dəhlizi vasitəsilə Qarabağa gətirirlər. Çox təəssüf ki, bütün bu hallar sülhməramlıların gözləri qarşısında baş verir. Hətta ermənilər özlərinin yaşadığı ərazilərə yaxın, onların ətrafında guya müdafiə məqsədilə minalar basdiırırlar, hadisə isə sülhməramlılarının gözünün qarşısında cərəyan edir.
Bildiyimiz kimi, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-G tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Məlum olduğu kimi, Rusiya sülhməramlılarının və Türkiyə-Rusiya Monitorinq Mərkəzinin komandanları Sarıbabada mina sahəsinə baxış keçiriblər. Sarıbabada da minanın aşkarlanması bir daha sübut edir ki, Ermənistan hələ də mina cinayətlərindən əl çəkməyib. Ermənistanın mina cinayətlərini davam etdirməsi, çox təəssüf ki, bir sıra hallarda sülhməramlıların gözü qarşısında baş verir.
Mövzuya şərh verən İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan ərazilərinə basdırılan minaların Ermənistanda istehsal edildiyi barədə əvvəlcədən faktlar var idi, bu son dövrlər özünü daha çox təsdiqləyir. S.Adıgözəlli vurğuladı ki, 2020-ci ilin 10 noyabr bəyanatından, Ermənistan kapitulyasiya aktı imzaladıqdan sonra bir addım da olsa sülhə yaxınlaşmağa cəhd göstərməyib. O qeyd edir ki, Ermənistan beynəlxalq qanunlara hörmət istiqamətində də hər hansı bir addım atmayıb. “Əksinə, ötən iki il müddətində də onun bütün addımları təxrtibat xarakteri daşıyıb. Azərbaycan tərəfə hər zaman yanlış mina xəritələru verilib, o xəritələrin 100-də 80 faizi saxta xəritələr olub. Ermənistan mina terrorunu dayandırmır və hər gün bu cinayəti genişləndirir. Müharibədən sonra təkcə Laçın ərazisində 1400-dən çox yeni mina basdırıblar. Sarıbaba yüksəkliyində də 350 ədəd mina aşkarlandı. Faktiki olaraq, bu minaların hamısı Ermənistan ərazisində, Gümrü mina zavodunda istehsal edilib. Söz yox ki, Ermənistan bununla bütün beynəlxalq qanunvericilik aktlarını pozub və davamlı olaraq terror həyata keçirdiyini sübut edib. Ermənistanın davam edən mina terrorunun arxasında da onun havadarlarının ona verdiyi açıq dəstək dayanır”.
S.Adıgözəlli qeyd etdi ki, Azərbaycan ərazilərinə gətirilib basdırılan minalar bura Laçın dəhlizi vasitəsilə keçirilib və məqsəd də daha çox insanımızın tələfatına nail olmaqdır. Bu gün bizim o minaların ağrısını çəkdiyimizi deyən S.Adıgözəlli hesab edir ki, Rusiya sülhməramlılarının bu işə göz yumması təəssüf doğurur: “Gümrü mina zavodunda istehsal edilən minaların ərazilərimizə keçirilməsi və basdırılması bizi ciddi narahat edir. Rusiya sülhməramlıları buna mane olmaq əvəzinə göz yumurlar, şərait yaradırlar. Hadisələr onların məsuliyyət zonasında da baş verir, amma reaksiyaları olmur. Bütün bu cinayət, terror hadisələrinin sülhməramlıların gözləri qarşısında baş verməsi və onların buna reaksiya verməməsi onu göstərir ki, bu kontingent ermənilərin maraqlarını müdafiə edir. Onların buradakı fəaliyyətini müşahidə etdikdə açıq görsənir ki, adları sülhməramlı missiya olsa da, onlar sülhü müdafiə etməklə bağlı hər hansı addım atmır, fəaliyyətlərində sülhə xidmət yoxdur. Sülhməramlılar Qarabağın ermənilər yaşayan hissəsində yerini bərkitdikdən dərhal sonra əsas missiyaları erməniləri müdafiə etmək oldu. İndiyə qədər ermənilərin bu cinayətlərinə rus sülhməramlıları hansısa bir irad bildirməyib, əksinə, daha çox mina daşıyıb basdırmalarına şərait yaradıb” - deyə S.Adıgözəlli qeyd etdi.
İSBAM sədri bildirdi ki, Azərbaycan günü-gündən genişlənən erməni təxribatına dözüm göstərməyəcək və nəhayət bir gün gərəkli olan addımı atacaq. “Ermənilər Rusiya sülhməramlılarına arxalanıb mina terrorunu davam etdirir. Ermənilərin bu cinayəti cavabsız qalmayacaq, Azərbaycanın bir gün səbr kasası yenidən daşacaq. Çünki ermənilər rahat dayanmır. Bu qədər cinayət, terror faktları ortaya çıxır, amma hələ bununla bağlı Ermənistana qarşı bir tədbir görülmür” - deyə S.Adıgözəlli qeyd etdi.
İradə SARIYEVA