İrəvanda anti-Putin aksiyalarını kim(lər) təşkil edir?..

Məhərrəm Zülfüqarlı: “Həmin aksiyaları Paşinyanın tərəfdarları təşkil etmişdilər”

img

Noyabrın 23-də Ermənistanda Rusiya Prezidenti Vladimir Putinin səfərinə etiraz olaraq aksiya keçirilib. Belə ki, aksiya paytaxt İrəvanda təşkil olunub. İştirakçılar Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun "persona-non-qrata" (arzuedilməz şəxs) elan edilməsini tələb edən plakatlar tutublar.

Vətəndaşlar “Biz tələb edirik ki, Ermənistan Respublikası öz hökuməti vasitəsilə KTMT-dən çıxmağa təşəbbüs göstərsin” kimi çağırışlar səsləndiriblər. Diqqət çəkən məqamlardan biri də etirazçıların ABŞ, Ukrayna və Avropa İttifaqı bayraqları qaldırmasıdır.

Bundan başqa, İrəvanda itkin düşən və həlak olan hərbçilərin yaxınları da etiraz aksiyası keçirib. Onlar Vladimir Putindən əsir və itkin düşmüş oğullarını geri qaytarmağı tələb edirlər. Aksiya iştirakçıları Rusiyanın Ermənistandakı səfirliyinin binasına doğru yürüş ediblər. Onların əllərində erməni və rus dillərində yazılmış plakatlar var: “Putin, oğullarımızı qaytar”, “Erməni əsirləri Azərbaycandan qaytarın”, “Vladimir Vladimiroviç, uşaqlarımızı geri qaytarmağımıza kömək et” və s. Etirazçılar Rusiyanın Ermənistandakı səfirliyinin binası ilə üzbəüz Zakiyan küçəsini bağlayıblar.

Maraqlısı odur ki, aksiyaların keçirilməsinə polis hansısa maneçilik göstərməyib. Bütün hallarda, bu aksiyaların arxasında kimlər dayanır?

  • “Bununla göstərmək istəyirlər ki, erməni xalqı Putinə nifrət edir və onu qəbul etmir”

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, tam əminliklə demək olar ki, Putinə qarşı keçirilən aksiyaların arxasında Paşinyan hakimiyyəti dayanır: “Rusiya getdikcə bütün sahələrdə zəifləyir. Həm Ukrayna ilə aparılan müharibəyə, həm də digər səbəblərə görə zəifləyir. Rusiyanın gücünün zəifləməsi onun nüfuzuna ciddi xələl gətirir. Ermənistan hakimiyyəti də bundan maksimum öz xeyrinə istifadə etməyə çalışır. KTMT-nin İrəvan toplantısı onu göstərdi ki, artıq Rusiyanı real qüvvə hesab etməyən üzv dövlətlər get-gedə qurumdan xilas olmağa çalışırlar. Paşinyan hakimiyyətinin bir gözü Qərbdədir, digər gözü Rusiyada. Ancaq hamı yaxşı bilir ki, o, məcburən Rusiya ilə əməkdaşlıq edir. Rusiyaya qorxudan, Qərbə isə ümidlə baxır. Ona görə də həmin aksiyaları Paşinyanın tərəfdarları təşkil etmişdilər. Bunu Rusiya hakimiyyəti də yaxşı bilir. Bununla göstərmək istəyirlər ki, erməni xalqı Putinə nifrət edir və onu qəbul etmir. Üstəlik, KTMT toplantısının gərgin atmosferdə keçməsi onu göstərdi ki, Ermənistanda Rusiya ilə bağlı ciddi narazılıq var. O üzdən, hesab edirəm ki, qarşıdakı dövrdə Ermənistanda Putinlə bağlı narazılıqlar daha da artacaq. Bütün bunların sistematik hal alması təsadüfi deyil”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər