Ermənistan rəsmiləri “Dağlıq Qarabağsız ərazi bütövlüyü” bataqlığından çıxa bilmirlər...

Arzuxan Əlizadə: “Erməni rəsmisinin “çərçivə sənədi” ilə bağlı dedikləri vaxtı uzatmağa hesablanmış növbəti hiyləgər gedişdir”

img

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Azərbaycana təklif etdikləri “çərçivə sənədi”nin mahiyyətini açıqlayıb.

Erməni rəsmisi qeyd edib ki, bura bir sıra məsələlər daxildir: “Bura Almatı Bəyannaməsi əsasında hər iki ölkənin bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü tanıdığı formatda “ərazi bütövlüyünün tanınması prinsipi” daxildir. Danışıqların bu prinsip əsasında davam etdirilməsi üçün Praqada bir növ razılıq əldə olundu. Sənəd BMT Nizamnaməsi, Almatı sənədləri və Ermənistan və Azərbaycanın qəbul etdiyi qərarlar əsasında hazırlanıb”.

P.Hovhannisyan onu da deyib ki, Ermənistan heç vaxt ərazi bütövlüyünün tanınması məsələsini Dağlıq Qarabağın gələcəyi ilə əlaqələndirməyib: “Eyni şəkildə, söhbət insan haqları, təhlükəsizlik, yaşamaq hüququ və s.-dən gedirdi. Əvvəllər bizdə yalnız Dağlıq Qarabağ problemi var idisə, indi əsas Ermənistanın ərazi bütövlüyü məsələsidir”.

Məlumat üçün qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə İrəvanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün iki yanaşması olduğunu bəyan etdi: “İki yanaşma var - təfərrüatlı yanaşma və çərçivə müqaviləsi modelinə uyğun yanaşma. Təcrübə göstərir ki, çox təfərrüatlı məsələlərin həllinə cəhd edilərsə, çətinliklər yarana bilər. Məhz buna görə də Ermənistan çərçivə sülh sazişinin imzalanmasını təklif edir. Bu, ümumi təcrübədir və biz də bu yolla getməyə çalışmalıyıq”.

  • “Ərazi bütövlüyünü tanımağa hazırıq deyərkən onlar Qarabağı bura daxil etmir”

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, erməni rəsmisinin “çərçivə sənədi” ilə bağlı dedikləri vaxtı uzatmağa hesablanmış növbəti hiyləgər gedişdir: “Əsla belə cəlbedici vədlərə inanmaq olmaz. İki ildir müharibə bitib, amma Ermənistan sülh sazişi ilə bağlı praktiki olaraq heç bir konkret addım atmır. Delimitasiya məsələsi yerində sayır, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmır. Əksinə, Qarabağa silah daşınır, mühəndis-istehkam qurğuları möhkəmləndirilir, separatçılara büdcədən ayrılan vəsaitlərin həcmi artırılır və s. Bir dəfə belə Ermənistan rəsmən bəyan etməyib ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdılar. Ərazi bütövlüyünü tanımağa hazırıq deyərkən onlar Qarabağı bura daxil etmir. Ermənistan hakimiyyətinin məqsədi prosesləri maksimum uzatmaq və geosiyasi vəziyyətin onların xeyrinə dəyişdiyi məqamı gözləməkdir. Bu baxımdan P.Hovhannisyanın səsləndirdiyi fikirlər Ermənistan hakimiyyətinin sülh sazişi bağlamaqda səmimi olması demək deyil”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər