İki həftə sonra vəzifəsini tərk edəcək Ermənistanın baş prokuroru Artur Davtyan ölkədə 2003-cü ildən qadağan edilən ölüm hökmünün bərpasını zəruri hesab etdiyini bildirib. Elə bu fonda Konstitusiya İslahatları Şurasına rəhbərlik edən ədliyyə nazirinə məktubunda Artur Davtyan dövlətə xəyanətə görə ölüm cəzası üçün konstitusiya hüquqi əsaslarının yaradılmasını təklif edir.
Bununla yanaşı, Baş Prokurorluq bu növ cinayətlərə qarşı cinayət-hüquqi mübarizənin gücləndirilməsi və cəza siyasətinin sərtləşdirilməsi məsələsinin müzakirəsinə ehtiyac olduğunu bildirir. İndi maraq doğuran odur ki, Artur Davtyan baş prokuror vəzifəsindən getməyə 14 gün qalmış niyə belə bir təklif edir. Bu suala cavabında onun müşaviri Qor Abrahamyan buna təcili ehtiyac olduğunu iddia edir: “Hazırda bir çox dövlətə xəyanət halları araşdırılır, bu barədə məlumatları açıqlaya bilmirəm. Lakin onlar o qədər dəhşətli təzahürləri ehtiva edir ki, istənilən şəraitdə, nəinki hüquqi, həm də mənəvi və əxlaqi baxımdan bunu danışmırıq. Hazırda son dərəcə ciddi regional və təhlükəsizlik problemləri olan bir dövlət, bir ölkə üçün bunu qətiyyən qəbul etmək olmaz və bu problemlərdən xilas olmaq mümkün deyil. Bu şəraitdə belə tədbirlərin görülməsi operativ təcili ehtiyac kimi qiymətləndirilir”. Erməni, elə beynəlxalq hüquq müdafiəçilərinin də qiymətləndirməsi isə belədir ki, bu, demokratiyadan açıq-aşkar geri çəkilməkdir. Hüquq müdafiəçisi Artur Sakunts baş prokurorun təşəbbüsünü kəskin tənqid edərək vurğulayır ki, dövlət ölüm hökmü tətbiq etməklə insanın yaşamaq hüququnu pozmamalıdır. Ermənistanda tətbiq edilən ömürlük həbs, hüquq müdafiəçisinin fikrincə, artıq ən ağır cəzadır: “Bu bizim Avropa Şurasına üzvlük dövründə dəfələrlə müraciət etdiyimiz məsələdir və indi bəlli deyil ki, insan hüquqları baxımından baş prokuror niyə belə bir yanaşma təqdim edir. Belə təklif demokratik bir dövlətdə yaşamaq hüququ ilə əlaqədar dövlətin öhdəliklərinə zidd və açıq-aşkar geri çəkilməkdir". Qeyd edək ki, sonuncu dəfə Ermənistanda ölüm hökmü 1991-ci ildə tətbiq edilib, 2003-cü ildə isə qanunla qadağan olunub. Ölüm hökmünün ləğvi Ermənistanın Avropa Şurasına üzv olmasının şərtlərindən biri idi. İndi Ermənistan konstitusiyası istənilən şəxs üçün ölüm cəzasını qadağan edir. amma görünən budur ki, artıq vəziyyət dəyişir. Qor Abrahamyan bu xüsusda bildirir: “Müzakirələr ola bilər, müxtəlif şərhlər ola bilər, lakin mən bir daha demək istəyirəm ki, Ermənistan Respublikası o qədər həssas təhlükəsizlik vəziyyətindədir ki, hazırda, mənim fikrimcə, əlavə təcili tədbirlər görmək bizim üçün tamamilə zəruridir. Bu, təhlükəsizliyi təmin etmək baxımından da önəmlidir”.
Baş Prokurorluq xatırladır ki, Ermənistan Avropa Şurasına üzvlük dövründə Avropa İnsan Haqları Konvensiyasının ölüm hökmünü qadağan edən 6-cı protokolunu ratifikasiya edib. Lakin həmin protokol Ermənistana ağır hərbi cinayətlərə görə ölüm hökmünün saxlanmasına imkan verir. Digər maraqlı məqam odur ki, üç ildən sonra Ermənistan konvensiyanın ölüm hökmünü hər bir halda qadağan edən 13-cü protokolunu imzalasa da, onu ratifikasiya etməyib. Bunu nəzərə alan Baş Prokurorluq iddia edir ki, Ermənistanın ölüm hökmünə mütləq qadağa qoymaqla bağlı beynəlxalq hüquqi öhdəliyi yoxdur. Hüquq müdafiəçisi Artur Sakunts iddia edir ki, Avropa İnsan Haqları Məhkəməsinin presedent qərarlarından birində deyilir ki, Ermənistan bu sənədləri imzalayaraq onlara əməl etməyi artıq üzərinə götürüb: “Burada söhbət Ermənistanın Avropa Şurasına üzvlüklə bağlı üzərinə götürdüyü öhdəliklərin siyahısından gedir və bu öhdəliklərin siyahısında dövlət artıq müvafiq hüquqi normaların qəbul edilməsi öhdəliyini öz üzərinə götürüb. Hüquqi sənədin, aktın qəbul edilib-edilməməsi, tətbiq edilib-edilməməsindən asılı olmayaraq, bu öhdəlik artıq müqavilədir, götürülmüş bu öhdəliyi təmin etmək üçün əsasdır, yəni təkcə ratifikasiya edildikdən sonra deyil, həm də ondan sonra öhdəlikdir”. “Azatutyun” radiosu baş prokurorun müşavirinə belə bir sual verib: onların təklifi həyata keçərsə, günahsız insanın ölüm cəzasına məhkum edilməsini istisna edirlərmi? Abrahamyan cavab verdi ki, bu qorxuya görə lazımi addımları atmaya bilməzlər: “Mən başa düşürəm ki, söhbət ifrat cəza növündən gedir, lakin biz bu qorxunu bütün hallarda məhkəmələrin çıxardığı qərarlarla bağlı hesab edə bilərik, yəni təkcə buna əsaslanaraq, zəruri addımlar atmaya bilmərik”. Ermənistan media nümayəndələri iki həftədən sonra baş prokuror vəzifəsini tutacaq Anna Vardapetyanın bu təşəbbüslə bağlı fikirlərini öyrənməyə çalışıb. Lakin o, bu xüsusda telefon zənglərini cavabsız qoyub. Hakim parlament fraksiyasının üzvləri və ədliyyə naziri də öz fikirlərini bildirməyə tələsmirlər. Sonuncu isə “Armenpress”lə söhbətində baş prokurorun təklifinin müzakirə olunacağını istisna etməyib. Ədliyyə nazirinin başçılıq etdiyi Konstitusiya İslahatları Şurasının üzvü olan ombudsman Kristine Qriqoryan Artur Davtyanın təşəbbüsünə cavab verib. Ombudsman belə bir təklifin müzakirəsini belə yersiz hesab edir. Onun fikrincə bu, yaşamaq hüququnun və ümumən insan hüquqlarının müdafiəsi üçün konstitusiya və demokratik dəyərlərə böyük ölçüdə kölgə salır. Bu cavabdan sonra Baş Prokurorluq təəssüfləndiyini bildirərək, ombudsmanın bəyanatını son dərəcə tələsik və səthi adlandırıb. Baş Prokurorluğun fikrincə, belə yanaşma dövlət strukturları arasında münasibətlərin və ünsiyyətin səviyyəsinə uyğun deyil. Hesab edilir ki, mövcud vəziyyət Ermənistanın Avropa Şurası ilə də münasibətlərinə xələl gətirəcək. Avropa Şurası qarşısında öhdəliyini pozduğu üçün Ermənistan bu qurumdan qovula bilər. Eyni zamanda, baş verənlər Ermənistana müxalifətin iqtidara qarşı yeni ittihamları üçün əsas yaratmaqla yanaşı, hakimiyyət daxilində də müəyyən parçalanmalar yaradıb.
Nahid SALAYEV