Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır: “Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələnin “3+3” formatında müzakirəsi üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz həm Ankaraya, həm Bakıya getməyə, həm də bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”.
A.Qriqoryanın sözlərinə görə, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır.
Ermənistan rəsmisinin həm Türkiyəyə, həm də Azərbaycana səfər etmək istəyini nə ilə izah edə bilərik: Ermənistan sülh sazişini imzalamağa hazırdı, yoxsa…
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın son çıxışlarında maraqlı fikir var: “Dedi ki, vəziyyətin regionda və Ermənistanda stabilləşməsi üçün müəyyən bəyanatlar verilir. Sonra da dedi ki, ola bilər bəyanatda göstərilən müddəalar olmasın. Həm də göstərilməyən bəzi məsələlər olsun ki, onlar həyata keçsin. Xüsusi qeyd etdi ki, həmin məqamda Ermənistan təhlükəsizlik qüvvələrinin ciddi şəkildə toparlanması lazımdır. Görünür, bu xəbərdarlıqdan sonra hazırlaşırlar ki, müəyyən addımlar atsınlar. Ermənistan cəmiyyətində bununla bağlı müəyyən ziqzaqlar yarana bilər və ya diaspor və başqa yerlərdən təhlükə gözləyirlər. Ola bilər ki, baş verəcək müqavilə və anlaşmaların mexanizmi ilə bağlı fikir mübadiləsi aparılacaq. Yəni hansıların əvvəl, hansıların sonra elanı baxımından. Bunu da həm bizim, həm də Türkiyənin təhlükəsizlik qüvvələri ilə razılaşdırmaq istəyərlər. Əslində bu çox yaxşıdır. Kommunikasiyalarla bağlı da, onların hissə-hissə açılması ola bilər. Nəzərə alırlar ki, birdən-birə bunu Ermənistan cəmiyyətinə həzm etdirə bilməzlər. Mən buna normal baxıram. İrəliyə doğru atlacaq addımları stimullaşdırmaq istiqamətində görülən tədbirlərdi. Bunların sonrakı prosesi sülh sazişi ilə nəticələnə bilər”.
Məhəmmədəli QƏRİBLİ