İki həftə əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi Zəngəzurda yaranan vəziyyətlə əlaqədar olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət göndərmişdi. Müraciət çərçivəsində, guya Azərbaycanın Ermənistana təcavüzü barədə hesabat göndərilib. Müraciətdə Ermənistan həmin hesabata KTMT-nin qiymət verməsini istəyib.
Onlar gözləyirdilər ki, noyabrın 29-da KTMT-nin Parlament Assambleyası 9-16 noyabrda baş verənləri özündə əks etdirən həmin hesabata baxacaq. Düzdür, noyabrın 29-da KTMT PA ilə təşkilatın özünün şura iclası birgə keçirildi. Tədbirdə təşkilatın baş katibi Stanislav Zas çıxış edib və KTMT-nin məsuliyyət zonasında ümumi şəkildə vəziyyətin gərgin olduğunu qeyd edib. Əsasən diqqət Ukrayna ətrafında gedən proseslərə, NATO-nun həmin istiqamətdə fəallaşmasına yönəldilib. Ancaq Ermənistanın məlum hesabatı ilə bağlı konkret olaraq heç nə yoxdur. Bütün bunlar o deməkdir ki, KTMT növbəti dəfə Ermənistanı məyus etdi. Bu dəfə də onların gözləntiləri fiaskoya uğradı.
“Ermənistan rəhbərliyi KTMT-ni nüfuzdan salmaq üçün bilərəkdən belə təxribatlara gedir”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, rəsmi İrəvanın növbəti dəfə belə biabırçı durumla üzləşəcəyi gözlənilən idi: “Çünki KTMT yaxşı bilir ki, Ermənistan ciddi əsas olmadan təşkilatı Azərbaycana qarşı yönəltmək istəyir. Bu, təkcə 16 noyabrda sərhəddə baş verən məlum hadisələrlə bağlı olan məsələ deyil. Bundan əvvəl də bir neçə dəfə Ermənistan Qarabağ məsələsi ilə əlaqədar KTMT-ni alət etməyə cəhd edib. Ancaq Ermənistan öz niyyətlərini reallaşdıra bilməyib. Ən azından ona görə ki, ötən il Azərbaycan Ordusu ölkə ərazisində hərbi əməliyyatlar apararaq işğala son qoyub. Ermənistan ərazisinə daxil olmayıb ki, KTMT vəziyyətə müdaxilə etsin. O cümlədən, bu ilin mayında Azərbaycan Ordudu Laçın və Kəlbəcərdə bizə aid olan ərazilərdə mövqelənib. Ermənistan isə belə təbliğat aparır ki, guya ordumuz ölkə sərhədini keçib. Bu isə kökündən yalan informasiyadır. Ən nəhayət, noyabrın ortalarında baş verənlər də ermənilərin sərhəddə törətdiyi təxribatların davamı idi. Bunu KTMT-də təmsil olunan ölkələr də yaxşı bilir. Həm də nəzərə almaq lazımdır ki, Ermənistan xaric, KTMT-də təmsil olunan dövlətlərin hamısı Azərbaycanla yüksək səviyyəli münasibətlərə malikdir. Özü də söhbət təkcə orada təmsil olunan türkdilli dövlətlərdən getmir. KTMT üzvü olan Belarus, Rusiya, Tacikistan da Azərbaycanla yaxın münasibətlərə malikdir. Fikrimcə, Ermənistan rəhbərliyi KTMT-ni nüfuzdan salmaq üçün bilərəkdən belə təxribatlara gedir. Məqsəd təşkilatın nüfuzunu aşağılamaqdır”.
Hərbi ekspert hesab edir ki, KTMT ölkələrinin Azərbaycana olan münasibəti müsbət məcrada davam edəcək.
Vidadi ORDAHALLI