“Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük”. Bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, böyük vəsait tələb edən bütün bu işləri Azərbaycan öz hesabına edir: “Heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur. Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bugünə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.
Görünən odur ki, Azərbaycanın azad olunan ərazilərdə apardığı genişmiqyaslı tikinti-quruculuq işləri bir çoxları üçün gözlənilməz olub.
“Sözügedən ərazilərdə geniş yol infrastruktur layihələri həyata keçirilir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bir sıra dövlətlər Azərbaycanın bərpa işlərinə belə tez başlayacağını gözləmirdi: “Birincisi, ərazilərin minalı olması səbəbindən bunun belə tez olacağını düşünmürdülər. Ancaq Azərbaycan əraziləri minalardan təmizləməklə paralel şəkildə bərpa işlərinə start verdi. Necə deyərlər, vaxt itirmədi. İlin sonuna qədər bütün rayonların elektrik təminatı başa çatdırılacaq. Bir sıra rayonlarda yarımstansiyalar tikilib. Təkcə bu ilin büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Üstəlik, az da olsa, özəl sektor həmin ərazilərdə müəyyən layihələrə dəstək verir. Belə tez bərpa işlərini xarici ölkələr gözləmirdilər. Sözügedən ərazilərdə geniş yol infrastruktur layihələri həyata keçirilir. Ərazilərin daha tez bərpası baxımından bu çox önəmli məsələdir. Azad olunmuş ərazilərdəki ən mühüm layihə, sözsüz ki, Füzuli rayonundan Şuşa şəhərinə çəkilən “Zəfər” yoludur. Uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır”.
Ekspert bütün bu layihələrin bərpa prosesində önəmli rol oynadığını qeyd etdi.
Vidadi ORDAHALLI