“BMT ilə Azərbaycan arasında dostluğun artıq 29 yaşı var. Gələn il biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edəcəyik. Eyni zamanda, BMT-nin Bakıda nümayəndəliyinin açılmasının da 30 illiyi olacaq". Bu fikirləri BMT-nin ölkəmizdə yeni təyin olunmuş resident-əlaqələndiricisi xanım Vladanka Andreyeva avqustun 24-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
O qeyd edib ki, COVID-19 qlobal böhrana çevrildi və bir çox dövlətlər onunla mübarizə aparır: “Mən COVID-19-a qarşı çox qətiyyətli milli cavab tədbirlərinin görülməsində Sizin və hökumətinizin göstərdiyi səyləri alqışlamaq istəyirəm. Bununla belə, Siz də qeyd etdiniz ki, bu dövrdə biz çoxtərəfliliyə, ümumi məsuliyyətə daha güclü sadiqliyimizi nümayiş etdirməli olduq. Biz, ilk olaraq, COVID-19-a qarşı cavab tədbirlərinin müzakirəsinə həsr olunmuş Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, sonra isə BMT-nin Baş Assambleyasında xüsusi sessiyanın təşkil olunması üçün göstərdiyiniz səylərə görə minnətdarıq”.
Azərbaycanın koronavirusla apardığı mübarizə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
“Koronavirusla mübarizədə həyata keçirilən bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlığının qorunmasıdır”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyasına qarşı Azərbaycanda atılan addımları həm dünya ölkələri, beynəlxalq təşkilatlar, həm də ölkə vətəndaşları yüksək qiymətləndirir: “Koronavirusla mübarizədə həyata keçirilən bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlığının qorunmasıdır. Məlumdur ki, bir sıra dövlətlərdə peyvəndin əldə olunmasında böyük problemlər yaşanırdı. Amma biz dövlətin səyi nəticəsində belə problemlərlə qarşılaşmadıq. Peyvənd vurduran insanlar xəstələnsələr belə, bunu yüngül keçirirlər. Bu qlobal məsələdir. Hər kəs sağlamlığına məsuliyyətlə yanaşmalı, ətrafdakı insanları təhlükəyə atmamalıdırlar”.
Birlik sədri onu da əlavə etdi ki, Konavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrıldı. Ancaq bu prosesə vətəndaşlarımız və sahibkarlarımız da fəal qoşularaq fonda müəyyən məbləğdə vəsait köçürdülər. Bu bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Doğrudan da bu hadisə vətəndaş-dövlət həmrəyliyinin ümümi maraqlar naminə səfərbər ola bilməsinin ən gözəl nümunələrindən biridir: “Pandemiya ilə mübarizədə atılan qabaqlayıcı addımlardan biri də testlərdir. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. İndiyədək 4 milyondan çox test aparılıb, gündəlik 10 minə yaxın test keçirilir”.
Günel CƏLİLOVA