Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında Fərman imzalayıb.
Fərmana əsasən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb.
Ekspertlərin fikrincə, işğaldan azad edilmiş rayonların yenidən qurulması, burada yeni şəhərlərin, kəndlərin salınması üçün mütləq şəkildə ayrıca bir qurumun yaradılmasına ehtiyac vardı. Memarlar hesab edir ki, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması müsbət hal olmaqla yanaşı, həm də yeni nəsil memarların həyatında mühüm rol oynayacaq, onlar Qarabağ memarlıq məktəbinə yeni töhfələr verəcək.
“Qarabağın yenidən qurulması üçün ayrıca bir qurumun yaradılması olduqca vacib idi və bunun gerçəkləşməsi çox yaxşı oldu”
Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq namizədi, tanınmış memar Rizvan Qarabağlı “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının imzaladığı fərmanın böyük tarixi əhəmiyyəti var. “Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması ilə bağlı cənab Prezidentin imzaladığı fərmanın çox böyük əhəmiyyəti var. Mənim bir memar kimi bu fərmanın imzalanmasına münasibətim əladır.
Ən azından, bu qurum bilavasitə Qarabağla, Qarabağın yenidən qurulması, bərpası ilə məşğul olacaq. Qarabağın yenidən qurulması üçün ayrıca bir qurumun yaradılması olduqca vacib idi və bunun gerçəkləşməsi çox yaxşı oldu.
Sərbəst balansı olacaq, sərbəst qərar qəbul edəcək. Amma istərdim orada mənim kimi Qarabağ memarlığını dərindən bilən memarlar məsləhətçi olsunlar. Bu çox vacibdi. Çünki gənc layihəçi memarlar Qarabağ memarlıq məktəbini dərindən bilmir, bu baxımdan, bizim kimi yaşlı, təcrübəli memarların da məsləhətçi qismində orada iştirakı təmin olunarsa daha yaxşı olar”.
R.Qarabağlı hesab edir ki, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzdində metodiki şura da yaradılmalıdır və o metodşurada təmsil olunan məsləhətçi memarlar o layihələrə baxmalı, ondan sonra bu layihələr həyatda tətbiq olunmalıdır: “Yəni şəhərsalma layihələrinə təcrübəli memarlar baxmalıdır. Təcrübədə belə məsələlər var. Deyək ki, bu metodşura Mədəniyyət Nazirliyinin nəzdində də olub, biz bərpa olunan abidələrə baxırıq, onlarla bağlı elmi rəylər hazırlayırıq, sonra onlar həyata keçirilir. Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzdində də şəhərsalma layihələri həyata keçirilməzdən əvvəl metodşuradakı təcrübəli memarlar ona baxıb rəy verməlidir. Bu çox vacib məsələdir. Gərək şəhərsalmada səhvə yol verilməsin, sonra səhvi düzəltmək çox çətin olur”-deyə R.Qarabağlı bildirdi.
İradə SARIYEVA