Qondarma Qarabağ rejiminin "fhn"-i Azərbaycana yeni böhtan atdı -1485 erməni meyitini kim qaytarıb?!.

img

Dağlıq Qarabağdakı qondarma rejimin “fövqəladə hallar xidməti” adlı hansısa qurama strukturu Azərbaycandan şikayətlənib. Bildirib ki, hərbi əməliyyatlar zonasında itkin düşmüş və həlak olmuş erməni hərbi qulluqçularının meyitlərinin axtarışı bir həftədən çoxdur dayandırılıb. Və Azərbaycan tərəfi bunun üçün hansısa səbəb göstərməyib.

Bəri başdan qeyd edək ki, Dağlıq Qarabağda qismən mövcudluğunu qoruyub saxlamış qondarma rejimi indi heç Ermənistanın özündə də ciddi qəbul etmirlər və bu rejimin fəaliyyətinin sırf formal xarakter daşıdığını dərk edirlər. Bu baxımdan Xankəndidən hansısa “dövlət xidmətinin” dediklərinə əhəmiyyət verməyə dəyməzdi. Lakin indiki halda söhbət həssas humanitar məsələdən getdiyi üçün əslində nə baş verdiyini araşdırmağa dəyər. Axı Azərbaycan hakimiyyəti 10 noyabr üçtərəfli razılaşmasının şərtlərinə uyğun olaraq erməni tərəfinə hərbi əməliyyatlar zonasında qalmış meyitlərin axtarışı və evakuasiyası üçün bütün imkanları yaratmışdı. Nəticədə cəmi bir neçə həftə ərzində erməni tərəfi Azərbaycan ordusunun azad etdiyi ərazilərdən 1485 hərbçisinin meyitlərini və ya meyitlərin qalıqlarını taparaq evakuasiya edib. Birinci Qarabağ müharibəsində itkin düşmüş minlərlə azərbaycanlı hərbçi v ə mülki şəxsin taleyinin hələ də məlum olmadığı, erməni tərəfinin bu məsələ ilə bağlı onillərdir heç bir konstruktiv addım atmadığı bir vaxtda Azərbaycan tərəfinin bu humanizmi, əlbəttə ki, normal məntiqlə düşmən tərəfindən dəyərlənririlməli idi. Lakin əvəzində erməni tərəfi şikayət edir və Azərbaycan tərəfinin meyitlərin axtarışını dayandırdığı haqda danışır.

Ermənilərin bu növbəti yalanı nəyə hesablanıb?

“Özlərini haqlı çıxarmağa uğursuz cəhddən başqa nəsə deyil”

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan əldə olunan razılaşmaya sadiqlik nümayiş etdirir: “Ermənilərin tapılan cəsədlərlə bağlı açıqladığı rəqəmlər var. Onlardan da açıq görünür ki, uzunmüddətli axtarış işləri aparılıb. Ola bilər ki, havaların kəskin soyuması bu işləri ləngidir. Azərbaycan tərəfi erməni meyitlərinin axtarışına mane olmaq istəyirdisə, ilk günlərdən bunu edərdi və nəticədə minlərlə erməni hərbçisinin meyitini tapıb götürmək mümkün olmazdı. Sülh prosesinə açıq təxribat törədən ermənilıərdir. Erməni işğalçı qoşunları yaşayış məntəqələrindən çəkilməzdən əvvəl bütün yolları, əraziləri minalayıb. O cümlədən, yaşayış məntəqələrinə aparan yollar, əkin sahələri minalanıb ki, bu da axtarış işlərində iştirak edən minlərlə azərbaycanlı hərbi qulluqçunun həyatı üçün risq yaradır”.

Ekspertin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi heç bir tutarlı səbəb olmadan minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə təqdim etmək istəmir: “Bu da hər gün azərbaycanlı hərbçilərin həyatı üçün risq yaradır. Artıq azad olunmuş ərazilərdə minaların partlaması nəticəsində onlarla mülki şəxs və hərbçi həlak olub. Azərbaycan tərəfinin minalanmış sahələrin xəritəsinin verilməsi barədə bütün çağırışlarını isə erməni tərəfi eşitməzliyə vurur, heç bir səbəb göstərmədən bundan imtina edir. Bütün bunların fonunda onların Azərbaycanı  güya hansısa  razılaşmanı pozmaqda ittiham etməsi özlərini haqlı çıxarmağa  uğursuz cəhddən başqa nəsə deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər