Azərbaycan Türkiyə və Pakistanla üçtərəfli formatı daha da təkmilləşdirir - hər il Zirvə keçiriləcək...

Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin özünəməxsus yeri və rolu var. Bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir.
Onlar arasında olan münasibətlər dünyaya nümunə və örnəkdir. Azərbaycan Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün İslamabad bəyannaməsi bunu bir daha sübut etdi. Bəyanatın bəndlərindən görünür ki, üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılması ilə bağlı razılıq əldə olunub. Həmçinin, 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsi razılaşdırılıb.
- Əhəd Məmmədli: “Qürur hissi ilə söyləmək olar ki, bu 3 ölkə arasında münasibətlər ən ideal formadadır”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistan hər zaman bir-birinə dəstək olub, beynəlxalq təşkilatlarda da bu ölkələrlə bağlı məsələlər müzakirə olunarkən birmənalı və istisnasız olaraq axıracan bir-birinin müdafiəsində dayanıblar: “Konkret olaraq Pakistanla Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həllində sərgilədiyi mövqeni misal göstərmək olar. Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Bu iki ölkənin bugünəcən Ermənistanla diplomatik münasibətləri yoxdur. Pakistan ali qanunverici orqan - parlament səviyyəsində Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan azsaylı ölkələrdən biridir. Azərbaycan da, öz növbəsində, hər zaman Türkiyə və Pakistanla əməkdaşlığa, müttəfiqliyə böyük önəm verib, daim bu ölkələrin problemlərinə həssas yanaşıb, öz dəstəyini əməli şəkildə ifadə edib. 44 günlük Vətən müharibəsi dönəmində biz hər iki ölkənin dəstəyini bir daha aydın hiss etdik. Qürur hissi ilə söyləmək olar ki, bu 3 ölkə arasında olan münasibətlər ən ideal formadadır”.
Ekspertin sözlərinə görə, bu, Osmanlı süquta uğrayandan sonra müsəlman ölkələri arasında olan ən ciddi ittifaqdır: “Çox gözəl formatdır. Bunun davamlı olması bizi sevindirir. Hər il görüşməklə bağlı qərarın qəbul edilməsi münasibətlərimizi daha da dərinləşdirəcək. Hər iki ölkə dünyanın ən güclü ordusuna sahib olan müsəlman dövlətləridir. Pakistan hətta atom ölkəsidir. Belə ölkələrlə münasibətlərimizin dərinləşməsi bizi yalnız sevindirə bilər”.
Məhəmmədəli QƏRİBLİ