Ermənistanın 44 günlük müharibədə mülki adamları qadağan olunmuş silahla kütləvi öldürməsinə dair növbəti beynəlxalq hesabat...

Rasim İsgəndərov: “Ermənilərin hərbi cinayətləri beynəlxalq müstəvidə ifşa olunur”

img

“Amnesty International” təşkilatı 44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair yeni hesabat yayıb. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-dəqiq ballistik raketlərdən, idarə olunmayan çoxsaylı raket sistemindən və artilleriya silahlarından istifadə edildiyi bildirilir.

Hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra “Amnesty International”ın ekspertlərinin raket zərbələrinə məruz qalmış bir sıra ərazilərə səfər etdikləri qeyd olunur. Bildirilir ki, həmin ekspertlər vəzifəli şəxslərlə, raket zərbələrindən sağ qalmış insanlarla və həlak olmuş mülki şəxslərin yaxınları ilə görüşüblər. Təşkilatın böhran qrupu raket qalıqlarını təhlil edərək müharibə zamanı çəkilmiş videoları, fotoları və peyk şəkillərini də araşdırıb.

Qeyd edilir ki, “Amnesty International” Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhər və kəndlərinə mülki vətəndaşların həlak olması ilə nəticələnən səkkiz raket zərbəsinin endirilməsini sənədləşdirib.

Bildirək ki, bir sıra beynəlxalq təşkilatlar ermənilərin qadağan olunmuş silahdan istifadə etmələri ilə bağlı beynəlxalq ictimaiyyətə məlumat yayıblar.

  • “Ermənistan və Dağlıq Qarabağdakı hərbi qüvvələr 6 həftəlik müharibə dövründə Azərbaycanın Bərdə, Goranboy, Gəncə, Tərtər kimi sıx yaşayış məskənlərinə dəfələrlə qadağan olunmuş silahlardan istifadə ediblər

Hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, Ermənistan və Dağlıq Qarabağdakı hərbi qüvvələr 6 həftəlik müharibə dövründə Azərbaycanın Bərdə, Goranboy, Gəncə, Tərtər kimi sıx yaşayış məskənlərinə dəfələrlə qadağan olunmuş silahlardan istifadə ediblər: “Məlumat üçün bildirim ki, klastr bombaları həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Nəzərə alsaq ki, klastr bombalar, adətən, havada açılır, böyük əraziyə çoxsaylı bombacıq yayır, hətta bəziləri toxunanda partlamayıb, de-fakto mina kimi qala bilər, o zaman bu faktın özü də insan tələfatının çox olmasına şərait yaradır. Ümumiyyətlə, klastr sursatları qəddar silah növləri hesab olunur ki, onlar beynəlxalq sazişlə qadağan olunub, istifadəsi mülki şəxslərə və dinc həyatlara biabırçı hörmətsizlikdən xəbər verir. Onlar qadağan olunduğundan, heç bir şəraitdə istifadə olunmamalı, yaxud başqasına verilməməlidir. Bu təşkilatların Ermənistanın qadağan olunmuş silahlarla mülki bölgələrə hücum etməsini pisləyən açıqlamalarla çıxış etmələri olduqca önəmlidir. Çünki kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan tələfatına və yaralanmaya səbəb olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilərin hərbi cinayətləri beynəlxalq müstəvidə ifşa olunur.

Günel CƏLİLOVA

Son xəbərlər