Ermənistan - Azərbaycan münaqişəsinə son qoyulduğunu bəyan edən ilk dövlətlərarası sənəd...

İlqar Vəlizadə: “Təbiidir ki, uğurlu seçilən formatda qəbul edilən bütün razılaşmalar bizim ümumi maraqlarımız üçün faydalı olacaq”

img

Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün İslamabad bəyannaməsi qəbul edilib. İmzalanan sənədin mətnindən görünür ki, tərəflər çox mühüm sahələrlə bağlı ciddi razılaşmalar əldə ediblər. Sənəddə Azərbaycanla Ermənistan arasında olan münaqişəyə son qoyulduğuna işarə olunan bəndə də rast gəlinir:

“Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar etdilər...”

Həmçinin müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qaldıqlarını bəyan ediblər.

Bu, demək olar ki, Ermənistanla Azərbaycan arasında olan münaqişəyə son qoyulduğunu fiksə edən və imzalanan ilk beynəlxalq sənəddir. Bu detalla bağlı ekspertlər nə düşünür?

Politoloq İlqar Vəlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu formatın özü uğurludur: “Təbiidir ki, uğurlu seçilən formatda qəbul edilən bütün razılaşamalar bizim ümumi maraqlarımız üçün faydalı olacaq. Razılaşmanın mətni göstərir ki, üçtərəfli formatın qarşısına qoyduğu strateji məqsədlərinə nail olunub. Hər üç ölkə arasında əldə olunan razılaşma vardı ki, münaqişənin çözülməsində birgə səylər göstərilsin.  Bunun yaxınlaşması üçün hər üç ölkə arasında bütün sahələr üzrə uğurlu əməkdaşlıq edilirdi. Başlıca strateji məqsədə nail olunubsa, bu da sənəddə qeyd olunmalıdır. 44 günlük müharibə dönəmində biz gördük ki, Türkiyə və  Pakistan bizimlə tam eyni mövqeyi bölüşdü. Onlar birmənalı olaraq Azərbaycanın yanında oldu, bizim mövqeyimizi dəstəklədilər. Onların mövqeyində zərrə qədər də yayınma, fərqlilik görmədik. Bilirik ki, bir çox hallarda müttəfiq ölkələr münaqişə ilə bağlı manevrlər edir, müəyyən mövqeni konkret ortaya qoymaqdan yayınırlar. Məsələn, Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətlərinin olmasına baxmayaraq,  onun İrəvanı açıq dəstəklədiyini şahidi olmadıq. İki qardaş ölkənin timsalında isə biz belə təzahürlərin olduğunu müşahidə etmədik. Bu bir daha üçtərəfli formatın çəkisini göstərir və  gələcəyinin də uğurlu olacağından xəbər verir”.

Ekspertin sözlərinə görə, bu beynəlxalq sənəddə münaqişənin artıq çözüldüyünə dair bəndin olması eyni zamanda tərəflərin optimistliyindən xəbər verir: “Bununla bir da sübut olunur ki, buna qarşı atıla biləcək hər hansı addım olarsa, həmin dairələr yenidən bu üç ölkəni qarşılarında görəcəklər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər