10 noyabr bəyannaməsinə görə Qarabağda təmas xətləri daxilində Ermənistan əsgərləri olmalıdırmı...

İbrahim Rüstəmli: “Məntiqlə, sülhməramlılar orada xidmət aparırlarsa, o zaman erməni əsgəri orada olmamalıdır”

img

Ermənistan tərəfi yanvarın 13-də belə bir məlumat yaydı ki, guya Azərbaycan Ordusu Qarabağda atəşkəsi pozub. Nəticədə erməni əsgəri Vardan Vaçaqanoviş Kirakosyan ağır yaralanıb.

Çox keçmədi ki, Azərbaycan tərəfi Erməni KİV-in yalanını ifşa etdi. Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəs rejimini pozması barədə yayılan məlumatların doğru olmadığını bildirdi və deyilənləri qətiyyətlə təkzib etdi: “Azərbaycan Ordusu Qarabağda atəşin dayandırılması barədə 2020-ci il 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmaya qəti şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən atəşkəsin pozulması halı baş verməyib”.

Məlum məsələdir ki, erməni tərəfi zaman-zaman həqiqətə uyğun olmayan məlumatlar yayır. Heç şübhəsiz ki, bundan sonra da bənzər məlumatlar olacaq. Çünki ermənilərin niyyəti təmiz deyil. O da məlumdur ki, 10 noyabr razılaşmasından sonra mövcud təmas xəttində Rusiya sülhməramlıları fəaliyyət göstərirlər. Belə olan halda, sual olunur, təmas xətti daxilində hara ki, təhlükəsizliyə rus sülhməramlıları nəzarət edurlər, orada erməni əsgəri olmalıdırmı?

  • “Belə olarsa, o zaman atəşkəsin Azərbaycan tərəfindən pozulması ilə bağlı təxribat xarakterli məlumatlar yayılmaz”

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert İbrahim Rüstəmli bir sıra məqamlara toxundu: “Əvvəla Ermənistan media orqanları qəsdən belə yalan məlumatlar yayırlar. Onların məqsədi Qarabağda gərginlik yaratmaq və bu minvalla Azərbaycanı ittiham hədəfinə çevirməkdir. Bir sıra hallarda bunu açıq edə bilmədikləri üçün, belə yalan məlumatlar yayırlar. Təmas xəttində erməni əsgərinin olmasına gəldikdə, əslində, orada olmamalıdır. Çünki gərginliyin yaranma səbəbi erməni əsgərinin orada olmasıdır. Məntiqlə, sülhməramlılar orada xidmət aparırlarsa, o zaman erməni əsgəri orada olmamalıdır. Belə olarsa, o zaman atəşkəsin Azərbaycan tərəfindən pozulması ilə bağlı təxribat xarakterli məlumatlar yayılmaz. Ancaq nəzərə almaq lazımdır ki, ortada 10 noyabır razılaşması var. Orada göstərilir ki, tərəflər tutduqları mövqelərdə dayanırlar. Təmas xəttində isə rus sülhməramlıları xidmət aparırlar. Ermənistan da bundan sui-istifadə edir. O üzdən, Ermənistan tərəfi hələ ki, öz ordusunu işğaldan azad olunmayan ərazilərdə saxlaya bilib. Ancaq növbəti mərhələlərdə onlar Qarabağdan tam rədd edilsə, belə hallar baş verməz. Yeri gəlmişkən onu da qeyd edim ki, Rusiya Müdafiə Nazirliyi də ermənilərin yalanını ifşa etdi. Qurum rəsmən bəyan etdi ki, Qarabağda atəşkəs pozulmayıb”.

Hərbi ekspert onu da qeyd etdi ki, Azərbaycan hər zaman ermənilərin təxribatlarına qarşı hazır olmalıdır.

Vidadi ORDAHALLI

Son xəbərlər