01/12/2020 14:58
728 x 90

Ermənistan fərariliyə görə cəzanı sərtləşdirdi – düşmən ölkədə ordunun ictimai dayaqlarının sındığını gizlətmək mümkün deyil…

Rasim İsgəndərov: “Fərariliyə görə cəzanın sərtləşdirilməsi Ermənistanda böyük çaxnaşmaya səbəb olacaq”

img

Ermənistan Milli Məclisi sonuncu növbədənkənar iclasında Cinayət Məcəlləsinə müharibə dövründə bəzi hərəkətlərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Qeyd edək ki, ilk növbədə hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə cəzalar sərtləşdirilib. Belə ki, hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə ermənilər 6 ildən 12 ilədək həbs ediləcəklər. Daha əvvəl sözügedən əməllərə görə həbs cəzası 4 ildən 8 ilədək nəzərdə tutulurdu.

Qərarın ilk oxunuşdan qəbul olunması ölkədəki hərbi vəziyyətlə bağlıdır. Belə ki, sosial şəbəkələrdə yayılan videolarda erməni hərbi qulluqçular hərbi xidmətdən yayınırlar, könüllülər isə cəbhəyə yollanmaqdan imtina edirlər.  

  • “Ermənistan ordusunda yaralı və ölü sayı günü-gündən artdığı üçün qarşı tərəfdə yaranan panika…”

Məsələ ilə bağlı fikir bildirən hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, Ermənistan ordusu  müzəffər Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmir. Yaralı və ölü sayı günü-gündən artır. Belə olan halda, qarşı tərəfdə yaranan panika hər gün güclənərək fərarilik artır: “Danılmaz faktdır ki, Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, yüzlərlə texnikası sıradan çıxarılır. Odur ki, onların hər hansı müqavimət göstərməyə gücü qalmayıb. Onların çox sayda döyüş qüvvəsi məhv edilib, qalanları da döyüş meydanını tərk edir, sadəcə, bir tabor, bir alay deyil, artilleriya və toplarını qoyub qaçırlar. Bu yaxınlarda gecə vaxtı 300 əsgərin fərarilik etdiyi məlum olub, həmçinin, gətirdikləri muzdlular da qaçırlar. Onlar bu fərariliyin qarşını ala bilmək üçün məcbur olub məlum qanunu qəbul etdilər. Ancaq döyüşmək istəməyən şəxs müxtəlif üsullarla fərarilik edəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, fərarilik etmək istəyən, döyüşdən yayınan şəxsin 6 ildən 12-ilə qədər həbs olunması qərarı düzgün deyil. Bu qərar Ermənistanda böyük narazılığa səbəb olacaq: “Məlumdur ki, Ermənistanın gənclərinin bir qismi döyüş meydanında ölür, qalanları isə həbs olunur. Fərariliyə görə cəzanın sərtləşdirilməsi Ermənistanda böyük çaxnaşmaya səbəb olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər