Avstraliyanın Brisben şəhərində keçirilən G20 zirvəsində liderlərin Ukrayna böhranına görə, Rusiyanı sərt şəkildə tənqid etməsi Rusiya prezidenti Vladimir Putinin çətin anlar yaşamasına səbəb olub.
Baki-xeber.com xəbər verir ki, Putinə üçün xoşagəlməz olaylar Kanadanın baş naziri Stephen Harperlə danışıqlardan başlayıb. Harper Putinlə görüşərkən, "Sizin əlinizi sıxıram, ancaq sizə bir şey söyləmək istəyirəm. Ukraynadan çıxmanız lazımdır ..." deyib.
Kremlin müşaviri Dmitri Peskov da bu dialoqu təsdiqləyib və Putinin "Təəssüf ki, bunu etməmiz mümkün deyil, çünki biz orada deyilik..." cavabını verdiyini bildirib.
Putin üçün digər xoşagəlməz hadisə ABŞ prezidenti Barak Obamanın Rusiyanın Ukrayna siyasətini Ebola epidemiyası və IŞİD terror təşkilatına bənzətməsi olub. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ikitərəfli əlaqələrdə "U-dönüşü" imkanı olmadığını, yaşanan durğunluğun məsuliyyətinin Amerika rəhbərliyinin üzərində olduğunu bildirib. Ukrayna məsələsinə görə ittihamları qəbul etmələrinin qeyri-mümkün olduğunu vurğulayan Ryabkov, bölgədə təcavüzkar siyasətin olmadığını iddia edib.
Təzyiqlərə göə Putinin zirvədən erkən ayrılacağı iddialarını isə Kremlin müşaviri Dmitri Peskov təkzib edib: "Bu axmaqlıqdır ... Putin sabah keçiriləcək iclaslardan sonra ayrılacaq. Görüşlərdə sanksiyalar sıx bir şəkildə gündəmə gətirildi. Bu normal və adi bir vəziyyətdir... Ancaq bəzilərinin təzyiq etdiyini deyə bilmərəm...".
Rus liderin İngiltərə, Fransa və Almaniya liderləri ilə görüşlərində də gündəm Ukrayna olub.
Almaniya kansleri Angela Merkel AB-nin Rusiyaya qarşı sanksiyaları genişləndirməyi düşündüyünü, mövcud vəziyyətin qənaətbəxş olmadığını bildirib.
Avstraliyada Rusiya nümayəndə heyətinə etiraz aksiya da keçirilib. Bu ölkədə yaşayan ukraynalılar sammitin keçirildiyi yerə gələrək Rusiya və Putinə etiraz edib.
Rusiya dövlət başçısı Putin isə Alman televiziyasına açıqlamasında Ukrayna böhranı ilə bağlı tənqidlərə cavab verib. Rus lider xəbərdarlıq edib ki, "Rusiya, Ukrayna hökumətinin siyasi müxalifət və rəqiblərini yox etməsinə icazə verməyəcək...".