22/09/2020 12:31
728 x 90

Paşinyanın sinəsi, zövqsüz geyimləri, qızı Maryamın “Tiktok” platforması – erməni mediası komik üslubla hücumda...

Məhəmməd Əsədullazadə: “Baş nazir elə bir səviyyədə müzakirə olunur ki, bu artıq ölkədə təməl mənəvi dəyərlərin aşınmasıdır”

img

Erməni mediası yazır ki, Paşinyan ölkənin üzləşdiyi daxili və xarici problemlərdən cəmiyyətin diqqətini yayındırmaq üçün müxtəlif vasitələrə əl atır.

Erməni politoloq Qagik Ambaryanın fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyan və adı daim qalmaqallarda hallanan ailə üzvlərinin hakimiyyətə gəldikdən sonra bir hədəfi var - ölkənin üzləşdiyi daxili və xarici problemlərdən cəmiyyətin diqqətini yayındırmaq. Onun sözlərinə görə, son iki gündür sosial şəbəkələrin erməni seqmentində ən çox müzakirə olunan mövzu Nikolun sinəsinin fizioloji vəziyyəti və zövqsüz geyimləridir. Ambaryan bildirib ki, ikinci yerdə Paşinyanın qızı Maryam qərarlaşıb. Baş nazir qızının “Tiktok” platformasında “Əsas instinkt” filmindəki qəhrəmanı təqlid edərək, paylaşdığı fotosu müzakirə mövzusuna çevrilib: “Bu günlərdə isə Ermənistanda Paşinyanın sinəsindən və ya küçədəki ucuz davranışından daha vacib problemlər yaşanıb. Məsələn, “Paşinyan Prodakşn" adlı şirkəti yaratmaqla bütün ailə üzvlərini ora cəlb etmək məsələsi. Paşinyanın ailəsinin nümayəndələri fərasətsiz olduğundan, bu biabırçı məsələ tamamilə onların çiyinləri üzərindədir. Əsas odur ki, yürüş iştirakçıları liderlərinin həyatından zövq alsınlar və adi pleyboylar bu liderin ailə üzvlərinin meymunluqlarına heyran olsunlar”.

Bəlli olur ki, Paşinyan ictimaiyyətin diqqətini ölkənin sosial-iqtisadi problemlərindən yayındırmaq üçün ən yüngül vasitələrə belə əl atır. Ancaq bu da bir yerə qədər. Əvvəl-axır, yarıtmaz fəaliyyətinə görə Paşinyan cavab verəcək.

  • “...onun üçün müsbət gələcək vəd etmir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyanin fəaliyyətinə diqqət etsək görərik ki, o, sadəcə, özünü reklam etməklə məşğuldur: “Əlində smartfon telefonla selfi şəkillər çəkərək, Ermənistanın problemlərini görməzdən gəlir və öz həyat şəraitinə baxaraq hesab edir ki, əhalinin də sosial vəziyyəti özü kimidir. Hansı ki, sözügedən məsələdə, bütövlükdə, erməni siyasi seqmenti Paşinyana qarşı əks fikir söyləyir. Onun yarıtmaz siyasəti və demoqogiyası artıq etirazlara yol açır. Paşinyan ölkəsində pandemiyaya görə fövqəladə vəziyyət elan etməsəydi, bu gün ölkədə etiraz yürüşləri davam edirdi. Hesab edirəm ki, hazırkı vəziyyətdə Paşinyanın ailə-məişət məsələləri ilə gündəmə gəlməsi, erməni ictimaiyyətinin diqqətini özünə cəlb etməsi, onun həm də mənəvi deqradasiyasından xəbər verir. Ölkənin Baş naziri elə bir səviyyədə müzakirə olunur ki, bu artıq ölkədə təməl mənəvi dəyərlərin aşınmasıdır. Həqiqətən də ölkədə etiraz aksiyaları vaxtı vəd etdiyi islahatları həyata keçirmək əvəzinə, bu kimi ucuz məsələlərlə gündəmə gəlməsi onun üçün müsbət gələcək vəd etmir. Ermənistanda yeni bir siyasi inqilab baş verəcək. Ölkəmiz son vaxtlar geosiyasi müstəvidə çox həssas bir dönəmini yaşayır və düşünürəm ki, yeni bir siyasi nizamın formalaşmasına doğru davam edəcək bu prosesdə Azərbaycanın müstəqilliyini qorumaq əsas şərtdir. Ermənistanın Tovuz istiqamətində son təxribatları və Qarabağ ətrafında baş verən gərgin situasiya yeni müharibə mühitinin formalaşmasına aparır. Bu gün işğalçı ölkə Ermənistana dəstək verənlər Azərbaycanın sərt siyasətinin şahidi olur. Rusiyaya qarşı Azərbaycan rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin Putinə Ermənistana silah göndərilməsi istiqamətində narazılığı və digər ölkələrə açıq təpkisi göstərir ki, artıq rəsmi Bakı bu kimi məsələlərdə güzəştə getməyəcək. Ermənistanda yaşanan xaosdan biz öz maraqlarımız naminə istifadə etməliyik”.

Politoloqun fikrincə, Paşinyanın ailə macəraları ilə gündəmi ələ alması onun üçün pis nəticələnəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər