02/12/2020 08:04
728 x 90

Azərbaycan Ordusundan böyük zərbə alan ermənilər mülki vətəndaşları hədəfə alır - Tovuzun Ağdam kənd sakini həlak oldu

Ermənistan hakimiyyətinin itkiləri gizlətmək cəhdi sosial şəbəkələrdə bir-bir ifşa edilir

img

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Müdafiə Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.

Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:

- polkovnik Mirzəyev İlqar Anzor oğlu;

- mayor Əhmədov Namiq Hajan oğlu;

- mayor Novruzov Anar Gülverdi oğlu;

- gizir Zeynallı İlqar Ayaz oğlu;

- gizir Babayev Yaşar Vasif oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Döyüşlərdə yaralılar da var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur.

Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.

Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənilərin Tovuzun kəndlərini atəşə tutması nəticəsində bir nəfər mülki vətəndaşımız da həlak olub. Belə ki, Ermənistan hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Erməni hərbçiləri Azərbaycan kəndlərini atəşə tutmaqda davam edir.

Ermənilərin atəşi nəticəsində kənd sakinlərinə də ciddi ziyan dəyib. Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisinə mərmilərin düşməsi nəticəsində kənd sakini, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə ciddi ziyan dəyib.

14 iyul tarixində saat 14:28 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun Xanlıqlar kəndi istiqamətində də artilleriya qurğularından atəş açıb.

Kənd sakinləri arasında yaralanma və xəsarətalma halları olmayıb.

Azərbaycan Ordusu da düşmənə layiqli cavab verərək texnika və canlı qüvvə sarıdan ona ağır zərbə vurub. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib ki, düşmənə məxsus pilotsuz uçan aparat - PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib."Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə, bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur"- o deyib.

Eyni zamanda, düşmən canlı qüvvə itkisinə də məruz qalıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Azərbaycanla sərhəddə gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti - Ermənistan Silahlı Qüvvələrinin mayoru Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan öldürülüb.

Ermənistan Müdafiə Nazirliyi sonradan daha iki erməni hərbi qulluqçunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

Məlumata görə, ölən hərbçilər kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyandır.

Həmin ölkənin vətəndaşları isə sosial şəbəkələrdə Ermənistanın daha iki hərbçisinin məhv edildiyi barədə məlumat paylaşıb. Azərbaycan əsgərləri tərəfindən məhv edilən hərbçilər Slavik Qaytsakov və Aşot Melkumyandır.

Xatırladaq ki, Ermənistan digər itkiləri hələ ki, rəsmən açıqlamır və gizlədilir.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tovuz rayonu ərazisində təxribatlar törədir. Hazırda sözügedən ərazidə döyüşlər davam edir.

Baki-xeber.com

Son xəbərlər