09/08/2020 03:21
728 x 90

Ölkənin tanınmış ziyalıları “Bakı-Xəbər”in ilk rəngli formatını belə qarşıladı...

img

“Bakı-Xəbər” yeni formatda, yeni dizaynda oxucuların görüşünə gəlib. Yeni rəng çalarları ilə öz görünüşünü daha da zənginləşdirən qəzetimizin yeni simasının oxucularımız tərəfindən müsbət qarşılandığını onların bizə ünvanladığı zənglərdən, mesajlardan  aydın görürük.

Ölkəmizin ictimai-siyasi, mədəni həyatında, beynəlxalq aləmdə baş verən prosesləri operativ şəkildə oxuculara çatdıran, maraqlı şərhləri, rəyləri və orjinal yanaşma tərzilə seçilən “Bakı-Xəbər”in rəngli formatı ölkənin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri tərəfindən təqdir edilir.

  • Məhərrəm Qasımlı: “Uzun illərdir ardıcıllıqla izlədiyim və böyük məmnuniyyətlə oxuduğum “Bakı-Xəbər” qəzetinin rəngli formatda bizlərin görüşünə gəlməsi məni çox sevindirdi”

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı “Bakı-Xəbər”in rəngli formatda çıxmasını müsbət qarşılayır.“Uzun illərdir ardıcıllıqla izlədiyim və böyük məmnuniyyətlə oxuduğum “Bakı-Xəbər” qəzetinin rəngli formatda bizlərin görüşünə gəlməsi məni çox sevindirdi. Qəzetiniz ölkəmizdəki qəzet bolluğunda öz boyu, siması, mövqeyi ilə həmişə seçilib və sevilib. Cəbhədən ağır xəbərlər aldığımız bir vaxtda arzu edirəm ki, tezliklə “Bakı-Xəbər” bizə intizarla və böyük həyəcanla gözlədiyimiz qələbə müjdəsini versin”-deyə M.Qasımlı vurğuladı.  

  • Buludxan Xəlilov: “Çox sevinirəm ki, “Bakı-Xəbər”in bugünkü rəngli formatı müasir tələblərə cavab verir və bunun qəzetin oxucu auditoriyasının daha da genişlənməsinə səbəb olacağına inanıram”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Buludxan Xəlilov isə bildirdi ki, “Bakı-Xəbər” uzun illərdir Azərbaycan cəmiyyətinin maariflənməsində rol oynayan bir qəzet kimi fəaliyyət göstərir: ”İctimai-siyasi, elmi-mədəni həyatımızın bütün sahələri ilə bağlı ən operativ məlumatları biz “Bakı-Xəbər”dən əldə edirik. Açıq etiraf edək ki, bəzi qəzetlərdə səhifələrlə mənasız yazılar verilir və onlar ictimai rəyə təsir etmir. Amma “Bakı-Xəbər” kiçik, lakin zəngin informasiyalarla oxucuların maraqlarını təmin edir. Demək olar ki, təkcə “Bakı-Xəbər” oxumaqla Azərbaycanın ictimai-siyasi həyatında, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı geniş, məzmunlu bilgilər əldə etmək olur. Bu o deməkdir ki, sizin qəzet öz çevikliyi, kollektivinin peşəkarlığı ilə tamamilə fərqli və adına uyğun bir mövqe tutub. O, paytaxtda fəaliyyət göstərsə də, bütövlükdə respublika əhalisini həm ölkədə, həm də dünyada baş verən hadisələr haqda bilgiləndirə bilir. Tam mübağiləsiz deyə bilərəm ki, “Bakı-Xəbər” hər bir oxucunun qəzetidir. Hesab edirəm ki, “Bakı-Xəbər” qəzetinin yeni rəngli formatda çıxması qəzetin auditoriyasını daha da genişləndirəcək. Etiraf etməliyik ki, biz vizual dünyada yaşayırıq, oxucu qəzetdəki materialları oxumazdan əvvəl onun görünüşünə diqqət yetirir. Yəni müasir oxucu qəzetdə gedən materiallarla yanaşı onun dizaynı, formatı, rəngi, hətta şriftlərilə də maraqlanır. Çox sevinirəm ki, “Bakı-Xəbər”in bugünkü rəngli formatı müasir tələblərə cavab verir və bunun qəzetin oxucu auditoriyasının daha da genişlənməsinə səbəb olacağına inanıram”.

  • Mənsum İbrahimov: “Bu gün “Bakı-Xəbər”in rəngli formatda çıxması onun yeni keyfiyyət göstəricilərini ortaya qoyur”

Xalq artisti, professor Mənsum İbrahimov da qəzetimizin rəngli formatda çıxmasını müsbət qarşılayır: “Qəzetinizin rəngli formatda çap olunması “Bakı-Xəbər”in daimi oxucusu kimi məni sevindirdi. Mətbuatın məzmun və formaca inkişafı, yenilikləri əks etdirməsi cəmiyyətin, xalqın xeyrinədir. Əlbəttə, bu gün “Bakı-Xəbər”in rəngli formatda çıxması onun yeni keyfiyyət göstəricilərini ortaya qoyur. “Bakı-Xəbər” qəzetinin hər zaman qəzetlər arasında öz çeşidli informasiyaları, qərəzsiz mövqeyi ilə fərqli yeri olub, bu gün də var. Bu qəzet mənim daim izlədiyim, informasiya aldığım qəzetdir. “Bakı-Xəbər” qəzetinin baş redaktoru və kollektivi kifayət qədər peşəkardır, dövlətçiliyik mövqeyi ilə seçilən insanlardır. Sevinirəm ki, sizin sevincinizə mən də şərik oluram. Arzu edirəm ki, ilk qələbə xəbərini sizdən eşidək”.

İradə SARIYEVA 

Son xəbərlər