14/08/2020 11:21
728 x 90

Paşinyanın arvadının siyasi riyakarlığı – “ər top atır, arvad söz”...

Qiymət Məhərrəmli: “...Bu heç də onun “sülhə xidmət” etmək niyyətindən irəli gəlmir”

img

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində məlum gərginliyin yaşanmasının birbaşa məsuliyyətini daşıyan Ermənistanın baş naziri Nikol Paşinyan olsa da, arvadı Anna Akopyan ərinin cinayətlərini ört-basdır etmək məqsədilə “sülhpərvər qiyafəsinə” bürünürək utanmadan, qızarmadan “Feysbuk” hesabında Azərbaycan qadınlarına, analarına müraciət edib.

Özünü “Qadınlar sülh naminə” kampaniyasının “təşəbbüskarı” kimi təqdim edən A.Akopyan hərbi əməliyyatları ərinin başlatdığını unudaraq “...Mən Azərbaycan qadınlarını və analarını ölkələrinin hərbi-siyasi rəhbərliyini düşmənçilikləri (düşmənçiliyi kimin etdiyi gün kimi aydındır-İ.S) dayandırmağa və Azərbaycan və Ermənistan xalqlarının övladlarının həyatı üçün təhlükə yaratmamağa çağırıram”- deyə yazıb.

  • “Siyasi riyakarlıq, siyasi saxtakarlıq, erməni məkri, hiyləsi üzərində qurulan bu çağırışın edilməsində yalnız bir məqsəd var...”

Paşinyanın, eləcə də onun hökümətində təmsil olunan başqa siyasi və hərbi cinayətkarların “sözçüsü” rolunu oynayan Akopyanın qadınlıq və analıq hissindən uzaq olduğunu deyən tanınmış ziyalı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın həm indi, həm də əvvəlki rəhbərliyi Azərbaycana qarşı təcavüzkar siyasəti həyata keçirib və dövlətimizi hər zaman təxribata çəkib. “Mən bir ziyalı Azərbaycan qadını və anası kimi Akopyanın bu çağırışında bir damla da olsun səmimiyyət görmürəm. Siyasi riyakarlıq, siyasi saxtakarlıq, erməni məkri, hiyləsi üzərində qurulan bu çağırışın edilməsində yalnız bir məqsəd var-Tovuzda baş verən gərginliyin məsuliyyətini Paşinyanın üzərindən atmaq və beynəlxalq rəyi çaşdırmaq. Yəni Akopyanın bu çağırışı hansı məqsədlə etdiyini anlamaq çətin deyil. Biz onun çağrışının mayası olan məkrli məqsədi, “tryuku”yaxşı anlayırıq və bilirik ki, bu heç də onun “sülhə xidmət” etmək niyyətindən irəli gəlmir. O bununla hadisənin səbəbkarı olan və birbaşa məsuliyyətini daşıyan əri Paşinyanı riyakarlıqla “sudan quru” çıxarmağa cəhdlər etmək istəyir. Amma onun bu cəhdi alınmayacaq”.

Q.Məhərrəmli vurğuladı ki, Akopyan bizim  qadınlara çağırış edincə, Azərbaycan torpaqlarını az qala 30 ilə yaxındır işğal altında saxlayan Ermənistana-öz ölkəsinə çağırışlar etsin. “Akopyan doğurudan da sülh istəyirsə, onda hələ də  ərazilərimizi işğaldan azad etməyən, bütün danışıqlar prosesindən riyakarcasına yayınan, ərazilərimizə qarşı təcavüz siyasəti həyata keçirən, hər gün torpaqlarımızı, mülkü əhalimizi top, artilleriya atəşinə tutan ərinə “ Azərbaycan torpaqlarını işğaldan azad et” desin. Amma demir, çünki Akopyan da Paşinyan kimi riyakardır və ərinin yürütdüyü təcavüzkar siyasətin şərikidir.

Biz azərbaycanlı qadınlar da Akopyandan tələb edirik ki, ərini Azərbaycana qarşı silah tuşlamağa yox, torpaqlarımızı işğaldan azad etməyə vadar etsin. Müharibəni Azərbaycan dövləti başlamayıb, Azərbaycan torpaqlarını işğal etmək, ərazilərimizi ələ keçirmək üçün Ermənistan başlayıb. Bu gün bizim torpaqlarımız ermənilər tərəfindən işğal edilib. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan anaları Ermənistandan torpaqlarımızı işğaldan azad etməsini tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin məqsədi də Azərbaycan torpaqlarının tez bir zamanda işğaldan azad edilməsidir. Biz Azərbaycan anaları ölkə başçısının siyasətini dəstəkləyirik və ümid edirik ki, Prezidentimizin rəhbərliyi ilə tezliklə torpaqlarımız işğaldan azad ediləcək”-deyə alim bildirdi.

İradə SARIYEVA  

Son xəbərlər