09/08/2020 03:12
728 x 90

Ukrayna XİN-in Azərbaycana dəstək bəyanatından möhkəm qıcıqlanan Ermənistana bir zərbə də Ali Radadan gəldi

img

Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatla bağlı Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, Ukrayna səfiri Ermənistanın Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan tərəfindən qəbul edilib. Nazir müavini səfirə Ukrayna XİN-in Ermənistan – Azərbaycan sərhədində gərginlik barədə bəyanatına Ermənistan XİN-in qiymətləndirilməsini təqdim edib.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edən bəyanat yayıb: "Münaqişə tərəflərini vəziyyətin deeskalasiyası və münaqişənin həlli yollarını hamının qəbul etdiyi prinsiplər və beynəlxalq hüquq normaları, o cümlədən 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayı qətnamələri əsasında axtarışın davam etməsi üçün maksimal səy göstərməyə çağırırıq.

Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır".

Bu arada, Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun üzvləri iyulun 12-dən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib ki, deputat qrupunun həmsədrləri - V.Kreydenko və V.Kolyuxun, eləcə də qrupun digər üzvlərinin imzaladıqları məktubda bildirilib ki, hadisələr zamanı Azərbaycanın həlak olmuş hərbçilərinin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirlər. Ali Radanın deputatları qeyd ediblər ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və toxunulmazlığının ardıcıl tərəfdarı olaraq qalırlar.

Ukraynalı deputatlar münaqişə tərəflərini soyuqqanlı və səbrli olmağa, vəziyyətin normallaşdırılması üçün maksimal səylər göstərməyə, beynəlxalq hüquq normalarına və atəşkəs rejiminə əməl etməyə çağırıblar.

Son xəbərlər