09/08/2020 02:58
728 x 90

Hikmət Hacıyev: “Cəzasızlıq Ermənistanı növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir” - VİDEO

img

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı 2020-ci il iyulun 13-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” kanalına müsahibə verib.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin sərhəddə artilleriyadan istifadə etməklə növbəti təxribat törətdiyini bildirən H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə yerləşən hərbi hissələrinin hədəf alındığını, 4 azərbaycanlı zabit və əsgərin öldürüldüyünü, 5 nəfərin isə yaralandığını diqqətə çatdırıb. Müsahibədə bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğu və Ermənistan hökumətinin buna görə birbaşa məsuliyyət daşıdığı qeyd olunub.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olduğunu qeyd edən H.Hacıyev məlum hadisəni təcavüz, gücdən istifadə və Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatı kimi xarakterizə edib.

Danışıqlar prosesinə toxunan H.Hacıyev Ermənistanın cəzasızlığının onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirdiyini xüsusilə vurğulayıb. Beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini daha da artırmalı olduğunu deyən H.Hacıyev Ermənistanın regionda iki ölkənin sərhədində daha bir münaqişə ocağı yaratmağa çalışdığını bildirərək, bunu artıq həssas olan regional sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyəti kimi qiymətləndirib. Azərbaycana qarşı təcavüzkar fəaliyyətə görə məsuliyyət daşıyan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina etdiyi və azərbaycanlı məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıda bilmədikləri təəssüflə qeyd olunub.

H.Hacıyev beynəlxalq ictimaiyyəti, xüsusilə COVİD-19 dövründə Ermənistanın hərəkətlərini ciddi şəkildə qınamağa çağırıb. Habelə, məlum təxribatı Ermənistan hökumətini daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Prezidentinin çıxışına toxunan H.Hacıyev həmsədrlərin təkcə tərəflər arasında məlumat mübadiləsi aparmalı olmadıqlarını bildirərək, onlardan danışıqlar prosesinin əsas fundamental əsaslarının icrasının gözlənildiyini bildirib. Eyni zamanda, H.Hacıyev münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Görüş xatirinə görüşün keçirilməsinin qəbuledilməz olduğunu deyən H.Hacıyev bunun Ermənistan üçün işğalı davam etdirməkdən ötrü görüntü olduğunu xüsusilə vurğulayıb. Habelə, müsahibədə Azərbaycanın gözləntilərinin ilk növbədə həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin tədbirlər görmələri olduğu bildirilib.

Son xəbərlər