14/08/2020 11:49
728 x 90

Sərhəd təxribatı - Paşinyanın öz səriştəsiz idarəçiliyini ört-basdır etmək cəhdi - Lamiyə İSAZADƏ yazır

img

Ermənistanın illərdir dövlətimizə qarşı apardığı düşmənçilik və işğal siyasəti onların əsl üzlərini dünya ölkələrinə hər gün bir az daha açıq şəkildə göstərir.

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşlərindən istifadə edərək dövlətimizə qarşı növbəti təcavüz, növbəti təxribat aktı törətmək istəmələrinə baxmayaraq, bunu bacarmadılar. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində erməni silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Ermənistanın əsl niyyəti üzv olduğu hərbi-siyasi təşkilatlar arasında “işğalçı”, “təcavüzçü” adını öz üzərindən götürüb Azərbaycana yapışdırmaqdır ki, hər dəfəsində də apardığı uğursuz siyasət nəticəsində öz adlarına növbəti ləkəni gətirirlər. Ermənistanın təcavüzkar mövqeyi artıq heç bir ölkəyə sirr deyil. Tovuz sərhəddində törədilən bu təxribat bir daha onu deməyə əsas verir ki, işğalçı dövlət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə razı deyil. Azərbaycana qarşı davamlı olaraq atəşkəsi pozmaqla Ermənistanın güclü dövlət olduğunu, Azərbaycana qarşı müharibədən qorxmadığını sübut etmək istəyirlər. Əgər müharibə istəyirlərsə niyə bunu dilə gətirməkdən qorxurlar? Azərbaycan Prezidenti İlham Əliyevlə qarşılaşanda qorxusundan başını yerdən qaldıra bilməyən Ermənistanın baş naziri N.Paşinyan yalnız öz dövlətində qorxmaz, ürəkli olur. Ermənistanın Azərbaycana qarşı hər təxribatına dövlətimiz tərəfindən qətiyyətli cavab verilir. Bu dəfə isə Azərbaycan Ordusu tərəfindən düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Bu gün COVİD-19 pandemiyası ilə əlaqədar Ermənistan iqtisadiyyatı böhran vəziyyətindədir. İşğalçı ölkədə vəziyyət ağır olduğundan, ölkə rəhbərliyi həm beynəlxalq ictimaiyyətin, həm də ölkə vətəndaşlarının diqqətini başqa yönə istiqamətləndirmək məqsədilə Azərbaycana qarşı yenidən təxribat törətməyə cəhd etdi. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyanın apardığı siyasətin nəticəsidir ki, bu gün Ermənistan əhalisinin öz rəhbərliyinə etimadı yox dərəcəsindədir. Ölkədəki sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının pozulması Ermənistan xalqını təngə gətirib. Azərbaycana qarşı törədilən bu təxribat nəticəsində N.Paşinyan öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gizlətməyə çalışdı. Ermənistanda hazırda vəziyyətin mürəkkəb olduğunu, əhalinin və müxalifətin Paşinyanın hakimiyyətinə son vermək istədiklərini bütün dünya bilir. Paşinyan Azərbaycana qarşı bu cür təxribatlarla öz xalqının gözündə ucalacağını zənn edir. Öz xalqının şəhid verməsi isə onun heç vecinə də deyil. Ermənistanı daha çox Azərbaycanın diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi ciddi narahat edir. Ölkə başçımız İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətini və faşist simasını dünyanın aparıcı beynəlxalq qurumlarının gözü qarşısında ifşa etməsi Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürən cənab İlham Əliyev BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsinə nail oldu. Əlbəttə ki, bu böyük uğur, tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Cənab Prezidentin məlum təşəbbüsü dünyada imicimizi daha da artırır, ölkəmizin nüfuzunu yüksəldir, beynəlxalq arenada mövqeyimizi gücləndirir. Bu təşəbbüs, həmçinin, Azərbaycanın dünya ölkələri ilə əlaqələrini də genişləndirir. Bu bir faktdır ki, dövlətimiz illərdir müstəqil siyasət aparır və ölkəmizin siyasətinə heç bir kənar qüvvənin təsir etməsinə icazə verilmir. Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu istiqamətdə dövlətimiz diplomatik müstəvidə uğurlu siyasət aparır. Ölkə başçımız hər zaman yerli və beynəlxalq çıxışlarında bu mövzuya həssaslıqla yanaşır. Ötən gün yerli telekanallarımıza verdiyi müsahibəsində də cənab Prezident işğalçı Ermənistana qarşı mövqeyimizin dəyişilməz olduğunu, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bir daha vurğuladı. Ölkə başçımız onu da qeyd etd ki, “ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni bu hüquqi müstəvidir, bizim mövqeyimizi tam möhkəmləndirən mənzərədir. İşğalçı dövlətin ölkəmizin uğurlu siyasətinə paxıllıq etməsi əslində başadüşüləndir. Azərbaycana qarşı törətdiyi işğal və təcavüzə görə Ermənistan dövləti BMT nizamnaməsi və beynəlxalq hüquqa uyğun olaraq tam məsuliyyət daşımasına baxmayaraq, bu məsuliyyətdən illərdir boyun qaçırır. Terrorizmə meylli bu dövlət məhz bu məsuliyyətsizliyinə görə heç vaxt uğurlu siyasəti ilə beynəlxalq nüfuza sahib ola bilməyəcək. Sadəcə terrorçu əməlləri ilə daim dünya gündəmində olacaqlar.

Lamiyə İSAZADƏ
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri, Prezident Təqaüdçüsü

Son xəbərlər