«İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»
Bu deyim unudulmaz öndərimiz, xalqımızın xilaskarı Heydər Əliyevə məxsusdur. Mən isə böyük qürur hissi ilə deyirəm ki, əziz öndərimiz Heydər Əliyevin peyğəmbərcəsinə söylədiyi bu fikirlərin doğruluğunu görmək üçün uzun zaman lazım olmadı. Xalqın iradəsi ilə Prezident seçilən İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın dünyanın sayılıb seçilən dövlətləri çərçivəsində addımlaması üçün əlindən gələni əsirgəmir. Artıq müstəqil Azərbaycan dünyada böyük nüfuz və keçərli söz sahibinə çevrilmişdir. Elə ona görə şadıq ki, əziz öndərimiz Heydər Əliyev xalqımızın, dövlətimizin uğurlu gələcəyini təmin edən strategiya və taktika müəyyənləşdirməklə kifayətlənməyib. Bu gün bunları cəsarətlə, ağılla həyata keçirmək qabiliyyətinə malik İlham Əliyev kimi bir şəxsiyyət də yetişdirib, bütöv Azərbaycana ərmağan etmişdir.
Təqdirəlayiq haldır ki, cənab İlham Əliyev öz diplomatik, siyasi imkanlarından ölkəmizin milli maraqları naminə maksimum yararlanmaq məharətinə malikdir. Bilirik ki, Azərbaycan respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.
İyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq başlayır. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır.
BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
Və dünyada yüksək ehtirama, hörmətə malik olmağın çox çətin olduğunu hamımız bilirik. Onu da bilirik ki, Azərbaycanın ünvanına hər cür böhtanlar yağdıran Erməni diasporu və lobbi gücləri uzun illərdir iş aparır. Bütün bunlara rəğmən dünya miqyasında önəmli rol oynayan ölkəyə çevrilmək möhtəşəm səylərin, düşünülmüş siyasətin nəticəsidir.
Ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün artıq Xüsusi Sessiyanın keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.
BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Aydındır ki, qaydalar önəmlidir, lakin yeni reallıq şəraitində BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzbəüz qalmışdır. Buna görə də, BMT özünün prosedur qaydalarının girovuna çevrilərək bu miqyaslı qlobal problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya verərək prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt apara bilər) müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir.
Bəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü nəticəsində nəyayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edəcək, önəmli qlobal məsələlərin müzakirəsini apara biləcəkdir.
Məndə belə bir inam var. Əminəm ki, bu müzakirələr nəticəsində dünya bu pandemiyanın əlindən qurtarmağa kömək edə biləcək önəmli qərarlar qəbul edəcəkdir.
Əminə YUSİFQIZI, Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktoru Respublikanın əməkdar jurnalisti