09/08/2020 04:05
728 x 90

Ermənistanı Tovuzda təxribata sövq edən iki mühüm motiv – koronavirus yarıtmazlığı və KTMT-ni meydana çəkmək...

Fikrət Sadıqov: “Paşinyanın əsas məqsədi ölkə ictimaiyyətinin diqqətini problemlərdən yayındırmaqdır”

img

Məlum olduğu kimi, Ermənistan iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd edib. Azərbaycan Ordusunun cavab tədbirləri ilə işğalçı qüvvələr geri oturdulub, Ermənistan tərəfi xeyli sayda itki verib. Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun dörd hərbçisi şəhid olub.

Erməni tərəfinin məhz indiki dövrdə Tovuz istiqamətində bu cür böyük təxribata əl atması müəyyən versiyalar irəli sürməyə əsas verir. Məsələ ondadır ki, Ermənistanda pandemiya ilə bağlı vəziyyət acınacaqlıdır. Virusa yoluxanların və bundan ölənlərin sayı sürətlə artır. Buna görə hökumət sərt tənqid edilir. Ermənistanın baş naziri Nikol Paşinyan xalq arasında dayaqlarını sürətlə itirir. Düşünmək olarmı ki, Ermənistan rəhbərliyi bütün bunlardan ictimaiyyətin diqqətini yayındırmaq, ölkədaxili qarşıdurmanı səngitmək üçün məqsədyönlü şəkildə Tovuz istiqamətində təxribat törədib? Digər tərəfdən, Tovuz Qarabağ deyil. Azərbaycanla dövlət sərhədində atəşkəsin bu cür pozulması ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək və bu minvalla təşkilatı təxribata qoşmaq niyyətindən irəli gələ bilərmi?

Yeri gəlmişkən onu da qeyd edək ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 13-də KTMT-nin Baş katibi Stanislav Zasla telefon danışığı aparıb. Ermənistan XİN rəhbəri KTMT üzvü olan ölkəyə qarşı bu cür hərəkətlərin “qəbuledilməz olduğunu” bildirib.

  • “Onlar çox arzulayır ki, Rusiya məsələyə müdaxilə etsin və Azərbaycana zərbə vursun”

Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqov hər iki versiyanı istisna etmədi:“Nikol Paşinyanın əsas məqsədi ölkə ictimaiyyətinin diqqətini problemlərdən yayındırmaqdır. Həm iqtisadi, həm də pandemiya ilə bağlı problemlərdən diqqəti yayındırmaq üçün bu cür təxribata əl atır. Paşinyan ona qarşı hücumları dayandırmaq, xalqın diqqətini daxildəki problemlərdən yayındırmaq üçün kiçik müharibəyə ehtiyac duyur. Bu, açıq şəkildə özünü göstərir. Paşinyan bir srıa rəqiblərini ortadan qaldırdı, keçmiş tərəfdarlarına qarşı hücuma keçdi. Hazırda onu ciddi şəkildə tənqid edirlər. Paşinyan üçün vəziyyət kifayət qədər mürəkkəbləşib. Tovuz istiqamətində təxribatın digər məqsədi isə KTMT-ni və ən başlıcası, Rusiyanı münaqişəyə cəlb etməkdir. Onlar çox arzulayır ki, Rusiya məsələyə müdaxilə etsin və Azərbaycana zərbə vursun. Ancaq bu tamamilə əsassız bir cəhddir. Çünki KTMT-nin bir sıra üzvləri Azərbaycanın yaxın partniyorlarıdır. O cümlədən, Belarus və Qazaxıstan. Rusiya da bizim strateji partnyorumuzdur. Eyni zamanda, bunda digər məqsəd də ola bilər. Paşinyan görəndə ki, KTMT məsələyə qarışmır, bundan bir bəhanə kimi istifadə edib üzünü tam Qərbə də tuta bilər. Belə bir versiya da istisna deyil, amma bu, perspektivsiz niyyətdir. Çünki Avropaya Paşinyan lazım deyil. Avropa Paşinyan kimi rəhbərlərin iç üzünü yaxşı başa düşür. Yoxsul Ermənistan nə Avropa İttifaqına lazımdır, nə də NATO-ya”.

Belə məlum olur ki, Paşinyanın məlum niyyətləri bütün hallarda fiaskoya uğrayacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər