Bildiyimiz kimi iyulun 12-dən 13-nə keçən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində düşmənin təxribatı nəticəsində gərginlik yaşanıb. Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətinə silahlı hücumlar edib.
Erməni mediası öz yalançılıq və təxribatçılıq ənənəsinə sadiq qalaraq yenidən yalanlar yaymağa, uydurmalar səsləndirməyə başlayıb. Erməni mediası yalandan yazır ki, guya Ermənistan döyüşdə heç bir itki verməyib (?), Azərbaycan tərəfi isə “böyük itki”lər verib. Hətta erməni mediası saxta bir iddia da irəli sürərək qeyd edir ki, guya hansısa “yüksəkliyi əla” keçiriblər.
2016-cı ilin Aprel döyüşlərindən böyük itki ilə çıxan errmənilərin yaydığı bu xəbərin təxribatdan başqa adı yoxdur. Bu azmış kimi onlar belə təxribatçı və səsrsəm fikirləri sosial şəbəkələrdə də yaymaqdan çəkinməyiblər.
“...Azərbaycan əhalisini çaşdırmaq üçün hər birinin spesifikasına uyğun olaraq fərqli istiqamətlərdə informasiyalar hazırlayırlar”
Məsələni şərh edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat şurasının sədr müavini Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin belə təxribatçı fikirlər yaymaqla beynəlxalq aləmdə çaşqınlıq yaratmağa cəhd edirlər. M.Ələsgərli vurğuladı ki, Azərbaycan bu döyüşdə ərazi itkisi verməyib, əksinə ordumuz düşmənin dayaq məntəqəsinə zərbə endirib və düşmən tərəfin canlı qüvvəsini məhv edib. “Ermənistanın törətdiyi növbəti təxribat zamanı Azərbaycan bir qarış da olsun ərazi itirməyib. Bizim heç bir yüksəkliyimiz düşmənin əlinə keçməyib, əksinə ordumuz ermənilərə çox ağır zərbə vurub. Cənab Prezident özü də Təhlükəsizlik Şurasının iclasında bildirdi ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.
Erməni mətbuatının yaydığı xəbərlər təxribatdan başqa bir şey deyil. Azərbaycana qarşı aparılan müharibə və onun tərkib hissəsi olan informasiya savaşında ermənilərin hansı taktikalardan istifadə etmələri barədə təsəvvürlər formalaşıb. Hədəf auditoriyalar baxımından onlar müxtəlif taktikalardan istifadə edirlər, yəni, dünya ictimaiyyətini, Ermənistanın daxili auditoriyasını və Azərbaycan əhalisini çaşdırmaq üçün hər birinin spesifikasına uyğun olaraq fərqli istiqamətlərdə informasiyalar hazırlayırlar. Hətta belə hallara da rast gəlirik ki, bəzən məqalələrin başlıqları rus, ingilis, erməni və azərbaycan dillərində eyni məzmunda olsalar da, məqalələrin daxilində mətnlər dəyişdirilir, müxtəlif auditoriyalara uyğun müxtəlif tezislərdən istifadə olunur. Yaydıqları informasiyalarda yalanı elə “peşəkarlıqla” verirlər ki, onu həqiqətdən fərqləndirmək çətin olur. Ən ciddi məqamlardan bri isə erməni təxribatçıların azərbaycandilli seqmentlərdə yaydıqları informasiyalardır. İnternet texnologiyalarının imkanlarından istifadə edərək, onlar yalan informasiyalarını azərbaycanlı ad və soyadları ilə açılmış sosial şəbəkə hesablarından, internet informasiya resurslarından tirajlayırlar. Azərbaycanlı istifadəçilər də bunun fərqinə varmadan həmin informasiyaların üzünü köçürüb paylaşırlar. Beləliklə, təxribat baş tutur və yalan informasiyalar, erməni siyasətinə xidmət edən mətnlər tirajlanırlar”.
M.Ələsgərlinin sözlərinə görə, Mətbuat Şurasınının monitorinqləri nəticəsində bu yöndə faktları təsdiqləyən kifayət qədər materiallar toplanıb və 2016-cı ildə, aprel döyüşləri zamanı bu kimi hallar ictimailəşdirildi, konkret ünvanlar gösərildi. “Həmin vaxt şikayət doğuran materialları internet resurslardan qaldırmaq üçün azərbaycan dilində fəaliyyət göstərən, rekvizitlərində ünvan olaraq Azərbayandakı konkret məkanları göstərən saytlarla əlaqə saxlamağa çalışırdıq. Bəlli olurdu ki, həmin ünvanlar da, əlaqə vasitələri də, hətta internet resursun qurucusu barədə verilən məlumatlar da saxtadır, onlar Azərbaycandan kənarda qurulub idarə olunurlar.Amma təxribatlar bu cür çaşdırıcılıqla yekunlaşmır. Onlar auditoriyanı aldatmaq üçün zahirən bizim xeyrimizə olan informasiyalar yayırlar. Məsələn, Azərbaycan Ordusunun uğur qazandığını iddia edən paylaşımlar edirlər. Hansı ki, azərbaycandilli seqmentdə yaydıqları bu informasiyalarla özlərinin hansısa diplomatik niyyətlərini tamamlamış olurlar.
Belə hallar barədə faktlar kifayət qədərdir. Sadə vətəndaşın bunlardan baş açması, fərqinə varması çətindir. İnsanlar bu cür təxribatların toruna düşməmək üçün belə həssas məqamlarda rəsmi dövlət qurumlarının məlumatlarını izləməli, informasiya almaq üçün Azərbaycanda ənənəsi olan KİV-lərə istinad etməlidirlər. Bunu nəzərə alaraq, Mətbuat Şurasının sədri Əflatun Amaşov media təmsilçilərinə və ölkə ictimaiyyətinə müraciət edib. Jurnalistlərə tövsiyyə edib ki, soyuqqanlılıq nümayiş etdirsinlər, əldə etdikləri faktları rəsmi qurumlarla dəqiqləşdirdikdən sonar yaysınlar”-deyə M.Ələsgərli qeyd etdi.
İradə SARIYEVA