Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ermənistan ordusunun artilleriya və diversiya qruplarından istifadə etməklə törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub, bir neçə əsgər yaralanıb.
Müdafiə Nazirliyinin məlumatına görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib. Düşmən ciddi itki verərək geri oturdulub. Daha sonra yenidən Ermənistan silahlı qüvvələri hücum edib. Azərbaycan ordusu yenidən düşmənə əks zərbə endirərək onları geri oturdub. Məlumata görə, düşmən tərəfinin itkilərinin daha böyük olmasına baxmayaraq, qarşı tərəf bunu gizlədir.
Son illərdə təmas xəttində nisbətən sabitləşən atəşkəs rejiminin rəsmi İrəvan tərəfindən kobud şəkildə pozulması ciddi suallar doğurub. Məsələ ondadır ki, iyulun 12-də Ermənistan ordusu Tovuzun Ağdam kəndini ağır silahlarla atəşə tutub. 1994-cü ilin mayında əldə olunan atəşkəsdən sonra Tovuz istıqamətində ara-sıra təxribatlar olub, amma belə miqyasda olmayıb. O baxımdan maraqlıdır, Ağdam kəndinin toplarla atəşə tutulmasına nə qədər zərurət var idi? Bu onların nəyinə lazımdır?
“Ordumuz güclü əks-zərbə endirərək düşmənin arzusunu ürəyində qoydu”
Məsələyə münasibət bildirən əslən Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elman Vəliyev bunu bir sıra səbəblərlə əlaqələndirdi: “Əvvəla qeyd edim ki, 1988-ci ildən bəri erməni işğalçıları Tovuz rayonunun heç bir yaşayış məntəqəsini işğal edə bilməyiblər. Baxmayaraq ki, Birinci Qarabağ müharibəsi dövründə buna çox cəhd ediblər və hər dəfə layiqli cavablarını alıblar. Atəşkəs dövründə Tovuzun əsasən cəbhə xəttinə daha yaxın olan kəndləri atəşə tutulub. Xüsusən də Əlibəyli kəndi. Əlibəyli kimi digər bəzi kəndlər də var ki, təmas xəttinə yaxın məsafədə yerləşir. Bütün hallarda ordumuz düşmənə layiqli cavab verib. Necə ki, biz bunu bir daha gördük. Ağdam kəndinin hədəf alınması məsələsinə gəldikdə isə, bir məqamı xüsusi qeyd etmək istəyirəm. İş ondadır ki, strateji əhəmiyyətli Qaraqaya yüksəkliyi Ağdam kəndi yaxınlığında yerləşir. Ordumuzun nəzarətində olan bu yüksəklik olduqca mühüm strateji əhəmiyyətə malikdir. Fikrimcə, Ağdam kəndinin hədəfə alınması strateji əhəmiyyətlii Qaraqaya yüksəkliyi ilə bağlıdır. Düşmən tərəfi çox istəyir ki, bu yüksəkliyi ələ keçirsin. Sözügedən yüksəklik onların nəzarətinə keçsəydi, o zaman erməni tərəfi böyük bir ərazini müşahidə etmək imkanı əldə etmiş olardı. Ermənilər kəndi atəşə tutarkən ümid edirdilər ki, dinc əhali panikaya düşüb qaçacaq. Nəticədə onlar öz məqsədlərinə nail olacaqlar. Ancaq onların düşündüyü kimi olmadı. Ordumuz güclü əks-zərbə endirərək düşmənin arzusunu ürəyində qoydu”.
Belə məlum olur ki, düşmən təxribatının arxasında müəyyən strateji məqsəd olub. Ancaq onlar buna nail ola bilməyiblər.
Vidadi ORDAHALLI