“Ermənistan ağlını başına toplasın, Türkiyə olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”. Baki-xeber.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber-ə açıqlamasında deyib.
“Ermənistanın xain hücum nəticəsində 4 qardaşımız şəhid oldu. Burada görürük ki, Ermənistan, xüsusilə yeni qarşıdurma zonaları yaratmaq istəyir. Bugünə qədər Ermənistan siyasi həll yoluna yanaşmayıb. Bugünə qədər Ermənistan heç bir həll yolunu dəstəkləməyib. Ermənistanın etdikləri qəbuledilməzdir, ağlını başına toplasın. Azərbaycan tək deyil. Biz bütün imkanlarımızla Azərbaycanın yanındayıq...” - Türkiyə XİN başçısı deyib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Türkiyə erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətinə silahlı hücumlarını şiddətlə qınayır. Həyatını itirən Azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik.
Bildirilir ki, Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının göstəricisidir: “Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf ərazisindən başqa yerlərə çəkmək və bu münaqişənin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdlər nəticəsiz qalmaqdadır”.
Bəyanatda qeyd edilir ki, Ermənistan bu cür təhlükəli taktikalardan əl çəkməli, qanun və məntiq yolunu seçməlidir:“Avantürizmi qəbul etməklə Ermənistan bir daha zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır.
Ümid edirik ki, Ermənistanın daha bir təcavüzkar hərəkətini ört-basdır etmək cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.
Türkiyə bütün imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək”.