Azərbaycan - Ermənistan sərhədində baş verən son olaylar bir daha İrəvanın Dağlıq Qarabağ münaqişəsini dinc müstəvidə həll etmək niyyətində olmadığını meydana qoydu. Xatırladaq ki, iyulun 12-də günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyi ərazisində atəşkəs rejimini kobud surətdə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqla hücuma keçməyə cəhd göstəriblər. Azərbaycan Ordusunun həmin ərazidə mövcud olan hissə və birləşmələri gördükləri tədbirlər nəticəsində, o cümlədən artilleriya və tank bölmələrini ehtiyat və əsas atəş mövqelərinə çıxarmaqla düşmən təxribatının qarşısını almağa nail olub.
Məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Düşmən baş verənlərə görə məsuliyyəti Azərbaycan tərəıfinin üzərinə atmağa çalışsa da, burada ciddi yanlışlıqlara yol verib. Məsələn, ermənilər iddia edir ki, guya Azərbaycan ordusunun təmsilçiləri UAZ markalı avtomobillə Ermənistan sərhədini pozmağa çalışıb. Halbuki, Azərbaycan ordusu hücuma, Ermənistan Müdafiə Nazirliyinin iddia kimi, UAZ markalı avtomobildə keçməz. Azərbaycan daha güclü hərbi texnikaya malikdir və düşməni uzaq məsafədən darmadağın etməyə qadirdir. Bu halda Ordumuzun hücuma bir UAZ-la keçdiyini elan etmək axmaqlıqdır. Məsələnin bu tərəfinə nəzər salan hərbi ekspert Ədalət Verdiyev qeyd edir ki, ilk andan erməni tərəfi Azərbaycan Ordusunu guya UAZ markalı avtomobillə Ermənistan sərhədini pozmaqda ittiham edərək, baş verən bu toqquşmaya görə məsuliyyəti öz üzərindən atmağa cəhd edir:“Lakin bu açıqlamaların heç bir əsası yoxdur. Çünki həmin ərazi tamamilə hər iki tərəfdən minalanıb. İkincisi, maksimal görüntü məsafəsinin təyin olunduğu iyul ayında heç bir silahlanmaya malik olmayan, sadəcə daşınma vasitəsi kimi istifadə olunan UAZ markalı maşınla düşmən mövqelərinə doğru irəliləmək heç bir məntiqə sığmır. Digər tərəfdən, insident Ermənistanın hazırda müəyyən qədər KTMT və onun aparıcı dövləti olan Rusiya ilə problemləri yarandığı bir dövrdə sanki KTMT-ni bu münaqişəyə cəlb etmək üçün atdığı bir addımı kimi də dəyərləndirilə bilər. Bu kimi hadisələrə daha əvvəllər rast gəlmişik. Buna görə də bu cür addımlar artıq bizi təəccübləndirmir. Digər tərəfdən, biz dəfələrlə Ermənistanın həmin sərhəd boyunca yerləşən kəndlərdə yaşayan mülki əhalini hədəf alması kimi çoxsaylı təxribatları ilə də qarşılaşmışıq. Hazırda bölgədə yerləşən Azərbaycan ordusu vəziyyətə tam nəzarət edir. Həmin mövqelərdə müdafiə olunan hissə və birləşmələrimizin mövqelərində heç bir dəyişiklik yoxdur”.
Hərbi ekspert qeyd edib ki, qarşı tərəfin itkiləri ilə bağlı konkret rəqəmlər demək çətindir:“Əvvəlki illərdən fərqli olaraq, erməni kütləvi informasiya vasitələri bu dəfə xüsusi susquluq nümayiş etdirməkdədir. Lakin döyüşlərin bu qədər şiddətli getməsi və tank və artilleriya sistemlərinin tətbiq edilməsi nəticəsində düşmənin çoxlu sayda itki verməsi istisna olunmur. Düşmənin itkiləri barədə nə Azərbaycan və Ermənistan rəsmiləri tərəfindən, nə də sosial şəbəkələrdə konkret say və adlar qeyd olunmur. Bununla bağlı bəzi mənbələrdə müxtəlif rəqəmlər açıqlansa da, onlar sadəcə sosial şəbəkə istifadəçilərinin şəxsi fikirləridir. Mən sosial media istifadəçilərinə və kütləvi informasiya vasitələrinə səslənmək istəyirəm ki, belə vəziyyətlərdə yalnız və yalnız rəsmi mənbələrdə açıqlanan məlumatlara əsaslansınlar. Biz düşmən tərəfinin bu istiqamətdə sızdıra biləcəyi məlumatların üstünlük təşkil etməsinə imkan verməməliyik. Hər bir Azərbaycan vətəndaşı belə kritik məqamlarda həm ordunun, həm də əsgərimizin yanında olmalıdır”.
Burada daha bir mühüm məqam isə ATƏT-in Minsk Qrupunun işə yaramazlığı barədə Azərbaycanın dediklərinin yenidən təsdiqini tapmasıdır. Onlarıın Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında təşkil etdiyi görüşdən sonra düşmən belə addımlar atır. Qeyd edək ki, elə bu günlərdə də Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupundan narazılığını ifadə edib. Belə ki, dövlət başçısı yerli telekanallara müsahibəsində Minsk Qrupunun fəaliyyətini tənqid edərək, Qarabağ məsələsinin həllində irəliləyişin yoxluğunun yeni aprel savaşına gətirib çıxaracağını bildirib “Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk Qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin aprel döyüşləri yadından çıxmasın”.
Indi cəbhədə baş verənlər Azərbaycan tərəfinin dediklərinin reallıqda öz əksini tapdığını göstərir. Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən Bakının Minsk Qrupu məsələsində tam haqlı olduğunu bildirib:“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur. Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar barədə İrəvan, ənənəvi olaraq, Bakını aqressiyada günahlandırır. Bakı İrəvanı ittiham edir. Əlimdə imkan olsaydı, mən birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb, “Kimdir aqressor?” sualına dəqiq cavab tələb edərdim. Əks halda, Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o, baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir. Demək, onun heç bir faydası yoxdur”.
Nahid SALAYEV