10/08/2020 20:13
728 x 90

“İki sahil” - 29

img

Çağdaş mətbuatımızda öz dəsti-xətti, yolu-ərkanı, məram və məqsədilə seçilən, yarandığı gündən indiyədək dəyişməyən prinsipləri ilə yoluna davam edən, dövlətin və dövlətçiliyin keşiyində dayanan, Heydər Əliyevin siyasi kursunu layiqincə təbliğ edən, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyən “İki sahil” qəzetinin 29 yaşı tamam olur.

1991-ci ilin iyul ayının 10-da “İki sahil” mətbuatımızda ilk kövrək addımlarını atanda hələ dövlət müstəqilliyimiz doğulmamışdı - şüurlarda, ürəklərdə, xalqın və aydınların düşüncəsində bir ideya olaraq yol gəlirdi. Azərbaycan dövlətinin müstəqillik ideyalarını səhifələrində əks etdirən, onu sətir-sətir, cümlə-cümlə təbliğ edən, şüurlara  hopduran “İki sahil” qəzeti milli mətbuat tariximizin inkişafında əhəmiyyətli rola malikdir.

29 illik bir yol qət edən, minlərlə insanın könlündə özünə isti yuva quran, oxucu məhəbbətindən güc alan “İki sahil”in ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında oynadığı rol danılmazdır.

“İki sahil” qəzetinə ən böyük dəyəri xalqımızın böyük oğlu Heydər Əliyev bu fikirlərilə verib: “...O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”.

Vüqar Rəhimzadənin baş redaktoru olduğu “İki  sahil” qəzeti bu 29 ildə çox böyük məktəb, yaradıcılıq laboratoriyası rolunu oynayıb, bu gün ölkəmizin ictimai-siyasi, sosial-mədəni, media həyatında populyar olan bir çox imzalar məhz bu qəzet vasitəsilə tanınıb.

1991-ci ilin iyul ayının 10-da “Vahid Azərbaycan uğrunda!” devizi ilə çapa  başlayan "İki sahil” qəzetinin 29 illiyi münasibətilə, qəzetin baş redaktoru Vüqar Rəhimzadə başda olmaqla, nəşrin bütün kollektivini səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları diləyirik.

Hörmətlə:
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və qəzetin kollektivi

Son xəbərlər