10/08/2020 18:59
728 x 90

Prezident Əliyevin son çıxışlarında Ermənistanı və qondarma rejimi yerində qıvrıldan məqamlar...

Qabil Hüseynli: “Canlarına düşən qorxu onları belə rabitəsiz və şantaj xarakterli bəyanatlar verməyə vadar edir”

img

Prezident İlham Əliyevin Xətai rayonunda olarkən yerli telekanallara verdiyi müsahibədən ermənilər bərk narahatlıq keçirib. Bu dəfə müsahibəyə reaksiya bir ünvandan gəlməyib. Ermənistan XİN-lə separatçı qurumun “XİN”-i səs-səsə verib Prezidentin çıxışlarına etiraz edən bəyanatla çıxış ediblər.

Hər iki bəyanatın ruhunda ənənəvi qarayaxma, faktlardan yayınma, şantaj elementləri açıq hiss olunmaqdadır. Vəziyyət o yerə çatıb ki, Ermənistan XİN-i Azərbaycanı Ermənistanı "faydalı düşmən" obrazında təqdim etməkdə ittiham edir. Bir az da irəli gedərək, onlar heç vaxt Azərbaycan torpaqlarına təcavüz etmədiklərini də bəyan edirlər.  Hər iki erməni yığınını İlham Əliyevin çıxışından belə əndişəyə düşməyə vadar edən səbəblər nədir?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin ciddi  narahatlığına səbəb olan detallar aydındır:“Həmin müsahibədə İlham Əliyev Qarabağ probleminin həlli ilə bağlı olduqca ciddi mesajlar verdi. Bildirdi ki, danışıqlar prosesinin süni şəkildə uzadılması, status-kvonun saxlanması bizim üçün qəbuledilməzdir. Ölkə başçısının  “Minsk Qrupundan konkret bəyanatlar gözləyirik” deməsi  danışıqlar prosesinin hər an bitə biləcəyini göstərir. Erməniləri narahat edən bu məqamlardı. Prezidentin həm ona ünvanlanan suallar, həm də çıxışı zamanı bu mövzuya toxunması onun mövcud vəziyyətdən narazı olduğuna dəlalət edir. Bu isə müharibə variantının hər zaman aktual olduğunu göstərir. Azərbaycanın bu variantı seçməyə haqqı var. Bildiyimiz kimi, Azərbaycan işğala, soyqırıma məruz qalmış bir ölkədir. Bununla belə, heç zaman torpaqlarımızın qan bahasına geri qaytarılmasının tərəfdarı olmamışıq. Ona görə yox ki, biz zəif, ya da acizik. Əksinə, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Lakin münaqişənin həlli yönündə gedən sözdə danışıqlar prosesi vaxtı uzatmaqdan başqa bir məqsəd güdmür. Prezident həmin çıxışında konkret olaraq status-kvonun saxlanmasına qarşı olduğunu bəyan etdi. Bu o deməkdir ki, artıq vasitəçilərdən və beynəlxalq birlikdən konkret addımlar tələb olunur. Artıq Azərbaycanın qeyri-konstruktivlikdən doğan uzadıcı sülh danışıqlarına dözmək fikrinin olmadığı ilə bağlı mövqe var ortada. Təbiidir ki, Ermənistan və qondarma rejimə rəhbərlik edənlər bütün bunların fərqindədirlər. Danışıqlar prosesində geri çəkilə bilmirlər. Qorxurlar ki, daxili ictimai rəy onların əksinə işləyər. Yayınma cəhdlərinin isə limitinin qurtardığı ortadadır. Canlarına düşən qorxu onları belə rabitəsiz və şantaj xarakterli bəyanatlar verməyə vadar edir”.

Təbiidir ki, Azərbaycanın işğala məruz qalan bir ölkə kimi torpaqlarını istənilən vasitə ilə azad etməyə haqqı və hüququ var. Bunun ən son yolu isə ordunun gücüdür. Ermənilər hiss edirlər ki, üfüqdə barıt qoxulu hərb əlamətləri nəzərə çarpır. Ona görə də, çıxış yolunu əsassız hay-küydə görürlər.

Məhəmmədəli QƏRİBLİ 

Son xəbərlər