“Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.
Bu fikirləri iyulun 6-da Prezident İlham Əliyev Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında bildirib.
Prezident bu fikirləri söyləməklə adlı-sanlı və böyük adamlara məxsus obyektlərdə polisin keçirdiyi əməliyyatlara açıq dəstək verdiyini deyən “Polisə Dəstək” İctimai Birliyinin sədiri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının qeyd etdiyi kimi vəzifəsindən, statusundan, kimliyindən asılı olmayaraq heç kəsə güzət yoxdur, bütün vətəndaşlar qanun qarşısında bərabərdir. “Bu dəstək birincisi, Prezidentin Azərbaycan polisinə, böyük bir kollektivə etimadının, etibarının canlı təzahürüdür. Düşünürəm ki, bu həm də ölkə başçısının Azərbaycan polisinin öz vəzifəsini, xidməti funksiyalarını sədaqətlə yerinə yetirməsinə verdiyi önəmdir. Prezident Azərbaycan polisinin xidmətindən məmnunluğunu ifadə etməklə yanaşı eyni zamanda açıq şəkildə bildirib ki, mən sizin arxanızda dayanmışam, sizin öz fəaliyyətinizi bu cür məsuliyyətlə yerinə yetirməyinizə dəstək oluram, sizə qarant dururam. Burada həmçinin də hüququn aliliyi əsas götürülür. Konstitutsiyaya görə, Prezident Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən yeganə personadır. Bu vahidlik həm də Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan polisi də dövlətin təməlini təşkil edən bu xalqın bir zümrəsidir. Əgər bu gün Azərbaycan polisi üzərinə düşən vəzifələrin icrasınından zərrə qədər kənara çəkilsə, onda bilirsiz nə baş verər. Bu baxımdan, Azərbaycan polisinin heç nəyi yaddan çıxarmaması, diqqətdən yayındırmaması, ayıq-sayıq olması, öz vəzifəsini yerinə yetirməkdə qətiyyət göstərməsi Prezidenti də məmnun edir. Prezidentin polisə verdiyi dəstək eyni zamanda qanunu pozan, yaxud pozmağa cəhd göstərən insanlara, obyekt sahiblərinə ciddi bir mesajdır. Hər kəs vəzifəsindən, statusundan asılı olmaraq qanun qarşısında məsuliyyət daşıyır. Ölkə başçısı bununla polisin fəaliyyətini rəğbətləndirir. Bu ölkə başçısı tərəfindən polisə və onun qüsursuz fəaliyyətinə verilən ən böyük mükafatdır” - deyə Ş.Əliyev bildirdi.
İradə SARIYEVA