İşğalçı dövlətə COVİD-19 pandemiyasının vurduğu iqtisadi ziyan ağlasığmaz rəqəmlərlə ölçülməkdədir. İşsizlik, müavinətlərin verilməsində ciddi problemlər yaşanır. Bu problemlərin fonunda isə hakimiyyət, başda baş nazir Nikol Paşinyan olmaqla, hər gün ictimaiyyəti aldatmağa çalışır. Ancaq onun bu cəhdləri ölkə ictimaiyyətində gülüşlə qarşılanır.
Bu dəfə “news.am” saytı baş nazirin ölkədə işsizliklə bağlı səsəndirdiyi fikirləri alt-üst edib. Sözügedən sayt bldirir ki, baş nazir bu həftə səsləndirdiyi fikirdə maliyyə-iqtisadi böhranın neqativ təsirləri barədə yalan dolu rəqəmlər göstərib:“Hələ mayın 6-da Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, ölkədə aprelin sonuna kimi 620 min yeni iş yeri yaradılıb. Ölkə vətəndaşları isə fevral ayı ilə müqayisədə 3-4 milyard dram artıq əməkhaqqı alıblar. Ardınca əhalini inandırmağa çalışıb ki, "hökumət böhranı idarə edə bilib. Biz əminliklə deyə bilərik ki, böhranın öhdəsindən gələ bilmişik”. Lakin baş nazir tək fevral ayında 71 mindən artıq iş yerinin bağlandığını gizlədib. Üstündən bir ay keçəndən sonra, parlament tribunasından səslənən “optimist” bəyanatın ardınca, Paşinyan tələm-tələsik sosial şəbəkədə may ayında 50 min iş yerinin yaradıldığını bildirib. Halbuki, aprel ayında 72 min iş yeri qapadılıb. Onun təqdim etdiyi göstəricilər çox ziddiyyətlidir. May ayında hakimiyyət orqanları ümid edirdilər ki, pandemiyaın “belini qırıblar”. İqtisadi aktivlik illüziyası yaradaraq cəmiyyətə hər şeyin normal məcraya döndüyü barədə düzgün olmayan məlumatlar çatdırırdılar. Nəticədə isə artıq iyun ayında hakimiyyət epidemioloji vəziyyətin ağırlığı üzündən qaydaları sərtləşdirməli oldu”.
Bütün bunlar onu göstərir ki, Paşinyan saxta sosial-iqtisadi rəqəmlərlə ölkə ictimaiyyətini aldatmağa çalışsa da bu alınmır. Yəni əsası olmayan rəsmi statistik göstəricilərin yayılması əks effekt verir.
“Ermənistan istər pandemiya, istərsə də postpandemiya dövründə ciddi iqtisadi böhranla üzləşməyə məhkumdur”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Paşinyanın ortaya atdığı saxta statistik rəqəmlərin tez bir zamanda ifşa edilməsi gözlənilən idi:“Məsələ ondadır ki, Ermənistan xarici maliyyə dəstəyindən asılı olan bir ölkədir. Sözügedən dövlət müstəqil iqtisadi və enerji siyasəti həyata keçirmək iqtidarında deyil. Düz-əməlli valyuta ehtiyatları da yoxdur ki, bu ağır dövrdə həmin vəsaitlərdən istifadə etsinlər. Çünki belə bir imkanları yoxdur. Belə olan halda Ermənistan istər pandemiya, istərsə də postpandemiya dövründə ciddi iqtisadi böhranla üzləşməyə məhkumdur. Bunun nəticəsidir ki, Paşinyanın sosial dayaqları hər keçən gün daha da zəifləyir. Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmaz reallığa çevrilib. Bu səbəbdən, baş verənlər Ermənistanın maliyyə-iqtisadi sisteminə sarsıdıcı zərbələr vurmaqdadır.Ölkə iqtisadiyyatı, demək olar, iflas həddinə yaxınlaşıb. Xarici yardımlar və erməni diasporunun ianələri hesabına formalaşan dövlət büdcəsində maliyyə çatışmazlığı var. Əhali sürətlə yoxsullaşır və sosial rifah göstəriciləri aşağı düşür. Bu da, istər-istəməz, ölkədaxili sosial narazılıqları artırır. Belə bir vəziyyətdə Paşinyanın saxta rəqəmlər üzərindən spekulyasiya aparmaq cəhdləri paradoksal mənzərə yaradır. Nəticədə konkret faktlarla onun dedikləri ifşa edilir”.
Belə görünür ki, artıq Paşinyanın saxta rəqəmlərlə ölkə ictimaiyyətini aldatmaq cəhdləri də alınmır. Bu isə hər keçən gün onun sonunu yaxınlaşdırır.
Vidadi ORDAHALLI