Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan “ArmNews” telekanalında yayımlanan “Günün sualı” verilişində baş nazirin, komendantın və səhiyyə nazirinin şəxsində ölkədə zəif idarəetmə aparıldığını qeyd edib: “Epidemiya daha 5-6 il davam edəcək, qışda yenidən baş qaldıracaq. Ermənistanda çox zəif bir “qapanma” tətbiq olundu, heç bir karantin yox idi. Ödənişlər yalnız telefonla aparılmalı idi, şəxsi əlaqə daha da məhdudlaşdırılmalı idi, bu gün pul virusu yaydı. İrəvanda heç bir küçə yuyulmur”.
Baqratyan bildirib ki, əsl erməni soyqırımını Paşinyan hakimiyyəti həyata keçirir. Keçmiş baş nazirin sözlərinə görə, yalnız maska taxmaq virusun yayılmasına mane olmur və hətta hakimiyyət maska biznesindən faydalanır: “Bu gün Ermənistanda 700 min yoluxma var. Bizim infeksiya nisbətimiz İsveç kimi karantin elan etməmiş ölkələrə nisbətən daha yüksəkdir. Ölkəmiz qapalıdır, getdikcə məhv olacaq. Hər kəs yoluxsa belə, bu heç bir məna daşımır, çünki onsuz da xəstə insanlar yenidən yoluxur, anticisimlər çox az bir miqdarda əmələ gəlir”.
Keçmiş baş nazir bildirib ki, fövqəladə vəziyyət rejimini uzatmağa ehtiyac yoxdur:“Fövqəladə vəziyyətin məqsədi mitinqlərə qadağa qoymaqdır. Komendant Tiqran Avinyan (baş nazirin müavini) yalnız atasının biznesini təbliğ edir, rəqabət olmadan test istehsal edir və maskalar alırlar”.
Baqratyan onu da əlavə edib ki, pandemiya kütləvi erməni qırğınına səbəb olacaq, həlak olanların sayı min nəfəri keçib və yüzlərlə ölüm qeydə alınmayıb:“Bu soyqırımıdır. Dünyadakı orta göstəricilərə görə 5000 xəstəmiz olmalı idi, amma 30 min yoluxma var”.
Belə aydın olur ki, Ermənistanda pandemiya ilə bağlı vəziyyət əslində göründüyündən daha acınacaqlıdır. Sadəcə, hakimiyyət virusa yoluxanların həqiqi sayını gizlədir. Bütün bunlar həm də o deməkdir ki, koronavirusdan ölənlərin sayı rəsmi statistikada göstərilən rəqəmdən daha çoxdur. Rəsmi məlumata görə, indiyə qədər Ermənistanda koronavirusdan 503 nəfər ölüb.
“Ölkəyə səriştəsiz, siyasətdən xəbəri olmayan, dövlətçilikdən uzaq insanlar rəhbərlik edir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Baqratyanın səsləndirdiyi fikirlər reallığı əks etdirir:“Ermənistanda həqiqətən də pandemiya ilə bağlı acınacaqlı vəziyyət yaranıb. Faktiki olaraq, ölkə rəhbərliyi bunun qarşısını ala bilmir. Bunun bir neçə səbəbi var. Birinci səbəb onunla bağlıdır ki, Ermənistan tam təcrid vəziyyətində olan bir ölkədir. Faktiki olaraq, Ermənistanın həmsərhəd olduğu 4 ölkədən 2-si ilə heç bir əlaqəsi, münasibəti yoxdur. Söhbət Azərbaycan və Türkiyədən gedir. İkincisi, Ermənistan yoxsul ölkədir. Resursları məhdud olduğuna görə pandemiyanın qarşısını ala bilmir. Bununla yanaşı, mövcud resurslardan düzgün istifadə edə bilmirlər. Çünki bununla bağlı təcrübələri yoxdur. Üçüncüsü, ölkəyə səriştəsiz, siyasətdən xəbəri olmayan, dövlətçilikdən uzaq insanlar rəhbərlik edir. O üzdən, pandemiya ilə bağlı ölkədə vəziyyətin acınacaqlı hal alacağı gözlənilən idi. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, pandemiya ilə əlaqədar Ermənistanda ölənlərin sayının kəskin artacağı gözlənir”.
Görünən odur ki, hakimiyyət pandemiya qarşısında aciz olduğuna görə Ermənistanı daha ağır günlər gözləyir.
Vidadi ORDAHALLI