Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15-ə yaxın dövlətin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə "Ədliyyə orqanlarında COVID-19 infeksiyası ilə mübarizə tədbirləri" mövzusunda videokonfrans formatında görüş keçirilib.
Məlumat verilib ki, nazirlik tərəfindən ədliyyə qurumlarında, xüsusilə penitensiar müəssisələrdə davamlı dezinfeksiya, profilaktik və digər preventiv işlər aparılıb, vətəndaşların müraciətləri və qəbulu işi, əhaliyə göstərilən ədliyyə xidmətləri, habelə beynəlxalq hüquqi yardımın həyata keçirilməsi elektron qaydada təşkil edilib, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqi genişləndirilib.
Həmçinin, qlobal pandemiya şəraitində Ali Məhkəmənin tövsiyələrinə uyğun olaraq məhkəmələr karantin rejiminə uyğun faəliyyət göstərib. Eyni zamanda, yenilik olaraq qeyri-cinayət işləri üzrə məhkəmə prosessləri onlayn rejimdə videokonfrans formatında da keçirilib.
Görüşdə həmçinin, nazirliyin Tibb baş idarəsi tərəfindən fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan məhkumların, istintaq təcridxanalarına yeni daxil olan həbs edilmiş şəxslərin müayinəsinə xüsusi diqqətlə yanaşıldığı bildirilib. Məhkumların sağlamlığına, tibb, dərman və digər təminatlarına monitorinqlər aparılmaqla gündəlik nəzarət olunduğu, bu məqsədlə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti qeyd olunub.
Avropa İttifaqının nümayəndəsi görüşün üçtərəfli formatda keçirilməsini təqdirəlayiq olduğunu vurğulayaraq əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib, nazirlik tərəfindən pandemiyaya qarşı görülən tədbirlərə dəstək göstərməyə hazır olduğunu bildirib.
Namiq QULİYEV