“Azərbaycanda heç bir sosial layihə ixtisar edilmədi - Yeni sosial paket növləri tətbiq olundu” - Aydın Quliyev

"Azərbaycan prezidentinin milli tekekanallara müsahibəsində diqqət çəkici mühüm məqamlardan biri iqtisadi və sosial sistemin dayanıqlığının hətta ağır pandemiya dövründə təmin edilməsi ilə bağlıdır. Şərti olaraq qruplaşdırsaq, Azırbaycan o ölkələrdəndir ki, koronavirusla mübarizə dövründə həm pandemiyanı ram edərək cəmiyyət üçün kütləvi təhlükəlilik dərəcəsinə çatmasına imkan vermədi, həm də cəmiyyətin rifahını və iqtisadiyyatın əsaslarını qoruya bildi."
Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Elə ölkələr var ki, bu göstərilən istiqamətlərin heç birinə lazımı önəmi verə bilmədi, hər ikisini də taleyin ixtiyarına və təbii axara buraxdığını qeyd edən Aydın Quliyev bildirir ki, ermənistan məhz bu tip ölkələr sırasına aiddir:
"Lakin Azərbaycanda heç bir sosial layihə ixtisar edilmədi, yeni sosial paket növləri tətbiq olundu, özəl və dövlət sektorunda maaşlara dövlət dəstəyi göstərildi, biznesə əlavə yardımlar olundu, sahibkarların kreditlərinin böyük hissəsinə dövlət zəmanəti tətbiq edildi. Bütün bunlar ölkənin iqtisadiyyatının əsaslarını qorumaqla, onun iflic olmasının qarşısını etibarlı şəkildə aldı. Prezident İlham Əliyev pandemiya dövründə iqtisadiyyata və sosial sferaya dövlət dəstəyinin işlək bir modelə çevrildiyini dəqiq göstərdi."
Siyasi ekspert vurğulayır ki, prezidentin radikal müxalifətə xitabən "neft hətta 14 dollara düşsə də, Azərbaycan iqtisadiyyatı ayaqda qalacaq", sözləri radikal müxalifətə təkcə cavab xarakteri daşımır. Həm də o deməkdir ki, iqtisadiyyatın neftdən asılı olmayan və sarsılmayan dayaqları var. Müsahibədə səslənən bir sıra faktlar iqtisadiyyatın etibarlı zəmin üzərində durduğunu təsdiqləyir. Aqrar sektorda 3, qeyri-neft sənaye sektorunda 16 faiz artım, valyuta ehtiyatlarımızın bu 6 ayda cəmi 98 milyon manat azalması çox düşündürücü faktlardır. Tam aydındır ki,valyuta ehtiyatları qorunubsa, deməli ölkənin neftdən kənar güclü maliyə gəlir qaynaqları təmin olunub."
"Prezident ölkənin iqtisadi və sosial sferasının çox möhkəm özüllərə malik olduğunu təhlil etdi. Məhz iqtisadi möhkəmliyin nəticəsidir ki, ölkənin səhiyyə infrastrukturu ağır pandemiya şəraitində yüksək dərəcədə transformasiy oluna bildi, yeni xəstəxanalar, laboratoriyalar quruldu və sair. Bunlar səhiyyə sistemimizin transformasiya qabiliyyətinə malik olduğunu göstərməklə bərabər, həm də güclü iqtisadi dayaqlara söykəndiyini ifadə edir. Prezident mövcud iqtisadi potensialın ağır pandemiya yükünü sonadək dartmaq gücündə olduğunu inandırıcı şəkildə ifadə etdi".