“Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi”. Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində söyləyib.
Ölkə başçısının sözlərinə görə, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır: “Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər”.
Prezident deyib ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz: “Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. İndi baxın görün son iki il ərzində nələr baş verir. Belə olan halda, mənzərə tam üzə çıxacaq. Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki, bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır”.
Göründüyü kimi, Prezident İlham Əliyev Ermənistanda 1998-2018-ci illlərdəki dövrdə xuntanın mövcud olduğunu, ondan sonra xuntanın diktaturaya çevrilmə tarixini açdı. Maraqlıdır, dünya bu mürtəce siyasi prosesə lazımi qiyməti niyə verməyib?
“Digər səbəbi xristian təəssübkeşliyidir”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, indiyə qədər dünyanın Ermənistanda məlum mürtəce siyasi proseslərə lazımi qiyməti verməməsinin bir sıra səbəbləri var: “Bunun başlıca səbəbi dünyadakı ikili standartlardır. Məlum ikili standartlar üzündən Ermənistanda gedən antidemokratik prosesləri görməzdən gəlirlər. Çünki 1998-ci ildə, faktiki olaraq, Ermənistanda quldurlar hakimiyyətə gəldi. Sözügedən qüvvələr Dağlıq Qarabağda separatizmə, etnik təmizləmə siyasətinə və bütövlükdə, işğala rəhbərlik etmiş səhra komandirləri idi. Prinsipcə, dünya gərək o vaxt onların hakimiyyətə gəlməsinə öz etirazını bildirəydi. Təəssüflər olsun ki, bu baş vermədi. Nəticədə həmin quldurlar Ermənistanı təmsil etməklə yanaşı, beynəlxalq qurumların ən ali kürsülərində çıxış etməyə başladılar. Dünyanın bu biganəliyi üzündən “Qarabağ klanı” Ermənistanda xunta rejimini qurdu. Onların hakimiyyəti dövründə bir sıra siyasi qətllər baş verdi. Korrupsiya, rüşvətxorluq bütün sferaları əhatə etdi.
2018-ci ilin aprelində Ermənistanda baş verən “məxməri inqilab” nəticəsində ümid olunurdu ki, Ermənistanda demokratik sistem bərqərar olunacaq. Ancaq bunun əksinə olaraq, Paşinyan ötən iki ildə diktatura rejimi qurdu. Bütün təsisatlar ona tabe edildi. Bircə məhkəmə sistemi müstəqil idi, o da parlamentdəki çoxluq hesabına sıradan çıxarıldı. Ancaq bütün bunları dünya susqunluqla müşahidə edir. Bunun bir səbəbi də xristian təəssübkeşliyidir. Baqa bir tərəfdən, dünya siyasətini müəyyən edən aparıcı dövlətlərdə güclü erməni lobbiləri var. Erməni icmaları fəaldırlar. Bax, bu səbəbdən Ermənistanda mürtəce prosesləri görməzdən gəlirlər. Ən nəhayət, Qərb istəmir ki, Ermənistan Cənubi Qafqazda tamamilə zəif duruma düşsün. Onlar ehtiyat edirlər ki, kəskin reaksiya vermələri Ermənistanın tamamilə Rusiyanın təsir dairəsinə keçməsinə səbəb ola bilər”.
Bütün bunlar onu göstərir ki, Ermənistanda gedən antidemokratik proseslərə rəğmən, dünya baş verənləri pisləmək əvəzinə, əksinə, bu ölkəni himayə edir. Bu isə ədalətsizlikdir.
Vidadi ORDAHALLI