Məlum olduğu kimi, mayın 4-də Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşünün yekununda Bəyannamə qəbul edilib.
18 bənddən ibarət olan Bəyannamənin 12-ci bəndi xüsusilə diqqəti cəlb edir. Həmin bənddə deyilir:“Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq Hərəkata üzv dövlətlərə qarşı tətbiq olunan birtərəfli məcburiyyət tədbirlərinin elan olunması və tətbiq edilməsini kəskin şəkildə pisləyir, beynəlxalq hüquqa uyğun olaraq belə tədbirlərdən zərər çəkən dövlətlərə dəstəyimizi ifadə edir və beynəlxalq ictimaiyyəti COVİD-19 pandemiyasına milli cavabların səmərəliliyini təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edən belə tədbirlərin istifadəsinin ləğv edilməsi istiqamətində təcili və səmərəli tədbirlərin qəbul edilməsinə çağırırıq”.
Qəbul edilən bu bənd Azərbaycanın həqiqətən müstəqil siyasət aparmasının əlaməti sayıla bilərmi? “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir mötəbər quruma rəhbərlik etmək və dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasətə sadiq olduğunun əyani göstəricisidir:“ Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə bütün bu və digər mühüm məsələlərə toxunuldu və vəziyyətdən birlikdə çıxış yoluna aydınlıq gətirildi. Dövlət başçısı ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə barədə qurumun üzvlərinə ətraflı məlumat verdi. İlham Əliyevin pandemiyaya qarşı mübarizədə Azərbaycan modelinin müsbət nəticələri barədə danışmaqla bu təcrübəni digər ölkələrlə bölüşməyə hazır olduğunu bildirməsi Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən son dərəcə yüksək səviyyədə qarşılandı. Məhz bu səbəbdən də Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə qəbul edilən birgə bəyannamədə Prezident İlham Əliyevin fəaliyyəti xüsusilə vurğulandı. Bəyənnamədə qəbul edilən bəndlərdən görürük ki, nəinki normal dünya düzənində, hətta qlobal pandemiyanın yaratdığı mürəkkəb tarixi şəraitdə, dünya ölkələrinin öz sərhədləri daxilində mürəkkəb çağırışlarla rastlaşdığı bir zaman kəsiyində Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi. Eyni zamanda, dediyiniz bəndin tələblərindən görünür ki, ölkəmiz həqiqətən də müstəqil siyasət yürüdən ölkədir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq Hərəkata üzv dövlətlərə qarşı tətbiq olunan birtərəfli məcburiyyət tədbirlərinin pislənməsi bir daha sübut edir ki, ölkəmiz bəşəri problemlərin həlli istiqamətində də çəkinmədən öz mövqeyini ifadə edir”.
Məhəmmədəli QƏRİBLİ