Məlum olduğu kimi, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
Prezident İlham Əliyev pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlərdən də danışıb, bu məqsədlə 3.5 milyard manat məbləğində sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu bildirib. Sammitdə dövlət başçısı qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. Sonra BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış edərək deyib ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz. Biz BMT olaraq çox böyük məmnunluqla bu kimi təşəbbüsləri dəstəkləyirik və istəyirik ki, COVID-19 virusunun yayılmasının qarşısını alaq. Biz istərdik ki, həmçinin bütün dövlətlər, millətlər arasında olan bərabərsizlik aradan qaldırılsın.
Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının pandemiyaya həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi ilə bağlı irəli sürdüyü təklifi necə dəyərləndirmək olar? Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zirvə görüşü Azərbaycanın dünyadakı əhəmiyyətini və beynəlxalq öhdəliklərə çox ciddi, məsuliyyətlə yanaşdığını bir daha ortaya qoydu:“Sözün həqiqi mənasında Azərbaycan miqyası ilə müqayisədə həddən artıq böyük təşəbbüslər irəli sürür və onları məntiqli sonluqla tamamlamağı bacarır. Biz adətən bəşəri əhəmiyyət daşıyan bu tip çağırışların, təşəbbüslərin daha çox dünyanın nəhəng ölkələri tərəfindən irəli sürüldüyünü görmüşük. Fikir verin, elə bizə yaxın olan MDB məkanını əhatə edən ölkələrdə heç analoji addımlar atan ölkə varmı? Biz şahidi olduq ki, hətta Avropa İttifaqı kimi qurum öz yaxınlığında olan ölkələrə belə yardım göstərməkdən boyun qaçırdı. Bu xüsusda Aİ ilə İtaliya arasında yaşananları misal çəkə bilərik. Bizim Qoşulmama Hərəkatına sədrliyimiz həm də bir nümunə oldu. Sədrlik edən ölkə kimi yaxamızı nədənsə kənara çəkmədik. Quruma rəhbərlik edən ölkə kimi gördük ki, irəli sürdüyümüz təşəbbüs və təkliflərimiz yüksək səviyyədə dəstəklənir və təqdir olunur. Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Bu baxımdan da ölkə başçısının BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı irəli sürdüyü təkliflə Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir".
Məhəmmədəli QƏRİBLİ