Məlum olduğu kimi, mayın 4-də Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
Bir sıra dövlət və hökumət başçılarının iştirak etdiyi sözügedən Zirvə görüşündə yekun bəyanat qəbul edilib. Bakı videokonfransının bəyannaməsi hüquq və ədalət prinsiplərini tam olaraq əks etdirib və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus əleyhinə fəaliyyətinə qlobal dəstəyi daha da gücləndirib.
“Bu həm də ÜST-in nüfuzunun dərinləşməsinə, kifayət qədər möhkəmlənməsinə töhfə verdi”
Mövzunu şərh edən “İki Sahil” qəzetinin baş redaktoru, tanınmış siyasi icmalçı Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan pandemiya dövründə daim ÜST-lə əməkdaşlıq edib. Onun sözlərinə görə, pandemiyanın ilkin yayıldığı dövrdə pandemiya ilə mübarizəyə görə Azərbaycanın ÜST-ə maliyyə yardımı etməsi, sonrakı mərhələdə digər istiqamətdə dəstək verməsi, ümumiyyətlə, koronavirusla mübarizədə ÜST-in tövsiyələrini əsas götürməsi bu qurumla Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın daha da sıxlaşmasına dəlalət edən amillərdir: “Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi və təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə qəbul edilən bəyannamə ÜST-in mövqelərinin daha da güclənməsinə səbəb oldu. Bu həm də ÜST-in nüfuzunun dərinləşməsinə, kifayət qədər möhkəmlənməsinə töhfə verdi. Burada qarşılıqlı münasibətlər və əlaqələr öz bəhrəsini verir və bundan sonra da verəcəyinə inanıram. Bilirsiniz ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Məhz bu birlik, əməkdaşlıq sayəsində görülən işlər daim qurumun rəsmiləri tərəfindən yüksək dəyərləndirilib, Azərbaycanın pandemiyadan az itki ilə çıxan ölkə olacağı böyük əminliklə qeyd edilib”.
V.Rəhimzadə, həmçinin, qeyd etdi ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinin iqtisadiyyatına, xüsusilə insanların sağlamlığına mənfi təsir göstərir. “Təbii ki, heç bir ölkə bundan sığortalanmayıb. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə bu reallığı bir daha diqqətə çatdırdı ki, qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik”.
V.Rəhimzadənin sözlərinə görə, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin üçdə ikisini özündə birləşdirir, bu halda hər bir ölkənin ortaya qoyduğu yanaşmanın mübarizənin effektliliyində rolu aydın görünür.
V.Rəhimzadə, həmçinin, bildirdi ki, Azərbaycanın ötən il qurumun XVIII Zirvə görüşünə evsahibliyi etməsi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürməsi, eyni zamanda, dünyanı bürüyən pandemiyaya qarşı mübarizənin gücləndirilməsində beynəlxalq birliyin həmrəyliyinin önəmini nəzərə alaraq, qurumun Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik» mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi bir daha ölkəmizin dünyanı narahat edən hər bir məsələyə uyğun addımlar atdığını, səylərin birləşdirilməsinə nail olduğunu təsdiqləyir: “COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün Bəyannaməsində əks olunan 18 maddənin hər birində də birlik, həmrəylik çağırışı özünün aydın ifadəsini tapıb. Bəyannamədə xüsusi vurğulanır ki, bəşəriyyət üçün ciddi problem olan, birlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVID-19-un sürətlə yayılmasından ciddi narahatlıq ifadə edərək, Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə bu bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməyə çağırırıq”.
İradə SARIYEVA