Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan parlamentin xarici əlaqələr komissiyası qarşısında çıxış edib və bir daha Qarabağa dair danışıqlar prosesini əhəmiyyətsiz edən ifadələr işlədib. O deyib ki, rəsmi İrəvan heç vaxt “Dağlıq Qarabağ xalqının ekzistensial təhlükəsizliyinə” xələl gətirə biləcək addımlara getməyəcək. Bu dəfə Mnatsakanyan birbaşa ətraf rayonlar haqda danışmayıb, amma deyib ki, Ermənistan Qarabağa dair “birtərəfli güzəştlərə” getməyəcək.
Mnatsakanyana görə, Qarabağ mövzusunun daxili siyasət mövzusu kimi müzakirə olunması qaçılmazdır. Habelə o, Lavrovun bəyanatına əlavə şərh vermək istəmədiyini, artıq Rusiya və Ermənistan XİN mətbuat katiblərinin məsələ ilə bağlı şərhlərlə çıxış etdiyini də deyib. Ən qəribəsi odur ki, Mnatsakanyan 2016-cı ilin aprelinin bir daha təkrar olunmayacağını iddia edib: “Ən önəmli vəzifə ekzistensial (mövcudluq mənasında) təhlükəsizlikdir. 2016-cı ilin apreli bir daha təkrar olmayacaq, 1991-1994 də olmayacaq”.
Ermənistan Xarici İşlər nazirinin bu çıxışı da məzmunca əvvəlkilərin davamıdır. Ancaq maraqlıdır, Mnatsakanyan nəyə görə bu dərəcədə əmindir ki, 2016-cı ilin apreli bir daha təkrarlanmayacaq? Onda bu əminlik haradandır? Bununla o, Ermənistan cəmiyyətini sakitləşdirmək istəyir, yoxsa ortada digər məsələ var?
“Ermənistanda hakimiyyətdə olan bütün siyasi qüvvələr Qarabağ kartından daxili auditoriya üçün istifadə ediblər”
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, bu dəfə 2016-ci ilin aprelindən fərqli olaraq, Azərbaycan Ordusu bütün əraziləri işğaldan azad edəcək: “Müəyyən mənada Mnatsakanyan düz deyib. Çünki bu dəfə nə 1991-94 olacaq, nə də 2016-cı ilin apreli, onlardan da betər olacaq. Yəni Azərbaycan işğal altında olan ərazilərin hamısını azad edəcək. Nəzərə almaq lazımdır ki, ölkəmizdə bu istiqamətdə hərtərəfli işlər gedir. Ordumuzun döyüş qabiliyyəti artırılır, ən müasir silah və hərbi texnikalar alınır. Bütün bunların hamısı Azərbaycanın milli maraqlarından irəli gəlir. Azərbaycan həm də bununla beynəlxalq ictimaiyyətə göstərir ki, işğal olunmuş torpaqlarından heç vaxt imtina etməyəcək. Bütün bunlar Azərbaycanın hədəfə gedən yoludur. Ola bilsin ki, bəzi məqamlarda biz uğura nail ola bilməmişik. Ancaq bu cəhdlərin hər biri son nəticədə bizi o hədəfə yaxınlaşdıracaq hadisələrdir. Ermənistanda hakimiyyətdə olan bütün siyasi qüvvələr Qarabağ kartından daxili auditoriya üçün istifadə ediblər. Bunu siyasi məqsədlərə çeviriblər. Öz siyasi ambisiyalarını, mövqelərini qorumaqdan ötrü zaman-zaman Qarabağ kartından məharətlə istifadə ediblər. Paşinyan hakimiyyəti də bu metoddan istifadə edir. Mnatsakanyanın son açıqlamaları da buna hesablanıb. Bütün bunlara rəğmən, torpaqlar dinc yolla qaytarılmasa, müharibə qaçılmazdır. Çünki Azərbaycanın hədəfləri çox böyükdür. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü ondan ötrü həyati əhəmiyyət kəsb edir. Bu iddiadan heç vaxt Azərbaycan əl çəkməyəcək. Sadəcə, bunun geci-tezi var. Azərbaycan Ordusu mütləq həlledici döyüşə atılacaq”.
Vidadi ORDAHALLI