Nicat Qulami: “Bizə Mədəniyyət Nazirliyinin dəstəyi olmasa, “ƏSA Teatrı” öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq” İntiqam Hümbətov: “Bu teatrın müraciətinə baxılacaq”
Azərbaycanda sağlamlıq imkanları məhdud olan istedadlı aktyorların təmsil olunduğu “Əsa Teatrı” ciddi problemlərlə üzləşib. Bu səbəbdən də respublikamızın ilk və yeganə inklüziv peşəkar teatrı olan “ƏSA Teatrı” öz fəaliyyətini dayandıra bilər. Bunu “Bakı-Xəbər”ə teatrın baş meneceri Nicat Qulami bildirib.
N.Qulaminin sözlərinə görə, teatrın bir sıra problemləri var ki, onların həlli üçün aidiyyəti qurumlara müraciət edilib, lakin onların müraciətinə cavab verilməyib. Bu teatrın özünün ən çətin dövrünü yaşadığını deyən N.Qulaminin sözlərinə görə, əsas problem maliyyə çətinliyi və tamaşaları təqdim etmək üçün məkanın olmamasıdır. “Teatrımız son zamanlar ciddi maliyyə problemləri yaşayır və bu üzdən də fəaliyyətimizi davam etdirə bilmirik. Dünyada ilk peşəkar inklüziv teatr olan “ƏSA Teatrı”nın problemlərinin həll edilməsinə dəstək göstərməsi üçün Mədəniyyət Nazirliyinə müraciət etmişik. Ancaq hələ ki, müraciətimizə cavab ala bilməmişik. Fəaliyyətimizə kiçik səhnələrdə başlasaq da, qısa müddətdə ən böyük teatr səhnələrində tamaşalarımızı nümayiş etdirərək, böyük auditoriyalara təqdim etmişik. Lakin 2019-cu ildən tamaşaçıların haqlı iradları ilə üzləşirik. Onlar deyirlər ki, “ƏSA Teatrı” niyə tamaşa nümayiş etdirmir? Bildirmək istəyirəm ki, 2018-ci ilin 3 dekabr tarixində Dövlət Musiqili Teatrının səhnəsində təqdim etdiyimiz “Göy quş” tamaşasının nümayişindən ötən bu müddət ərzində dəfələrlə cəhd etsək də, tamaşalarımızı nümayiş etdirə bilməmişik. Bu da, dediyim kimi, maliyyə çətinliyi ilə bağlıdır. Maliyyəmiz olmadığı üçün, tamaşa göstərməyə yerimiz də yoxdur. Bizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək oldu və onlarla birgə bir tamaşa hazırlayıb təqdim etdik. Lakin bizə bu nazirlik deyil, Mədəniyyət Nazirliyi dəstək göstərməlidir ki, fəaliyyətimizi davam etdirək. Bizə Mədəniyyət Nazirliyinin dəstəyi olmasa, “Əsa Teatrı” öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Son zamanlara qədər “ƏSA Teatrı” müxtəlif dövlət və özəl qurumların dəstəyilə layihələr icra edib – tamaşalar hazırlayıb. Bir neçə ay çəkən layihələrin icrası yekunlaşdıqdan sonra teatr yenidən maliyyə problemləri ilə üzləşir. Teatrın saxlanması üçün icarə məkanının, məşqlərin keçirilməsi məqsədilə səhnənin olmaması problem yaradır. Bundan başqa, əlilliyi olan aktyorların məşqlərə gəlib-getmələri üçün nəqliyyat problemi və sair bu kimi həllini gözləyən ciddi sosial problemlər fəaliyyətimizə mənfi təsir göstərir”.
N.Qulami, həmçinin, qeyd etdi ki, Mədəniyyət Nazirliyi məsələyə müsbət reaksiya verməsə, “ƏSA Teatrı”nın kollektivi Prezident İlham Əliyevə rəsmi müraciət edəcək. O vurğuladı ki, ölkəmizdə, eləcə də Qafqazda yeganə inklüziv peşəkar teatr olan “ƏSA Teatı”nın çətinliklərdən xilas olması üçün ölkə başçısının dəstəyinə ehtiyac var. “Biz hazırda Mədəniyyət Nazirliyinə etdiyimiz müraciətin cavabını gözləyirik. Problemimiz həll olunmasa, teatrımıza dövlət dəstəyi göstərilməsi üçün Prezident İlham Əliyevə müraciət etməyi düşünürük. Yəqin ki, üzümüzə gələn aylarda rəsmi müraciət hazırlayacağıq” - deyə N.Qulami bildirdi.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “ƏSA Teatrı”nın nazirliyə etdiyi müraciətə baxılacaq: “Bu teatrın müraciətinə baxılacaq və imkan daxilində məsələ nəzərə alınacaq”.
İradə SARIYEVA