“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy və Tərtər rayonlarındakı filiallarında ilk xalçalar kəsilib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən “Bakı-Xəbər”ə bildirilib ki, bu münasibətlə Goranboy filialında keçirilən tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov iştirak edib.
Toxucularla görüşən Vidadi Muradov bildirib ki, 2016-2017-ci illərdə “Azərxalça”nın 10 filialı fəaliyyətə başlayıb. Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan və Lənkəran şəhərlərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə filial binaları tikilərək istifadəyə verilib. Ötən ilin sonundan həmin filiallarda xalça toxunur.
Bildirilib ki, Goranboy filialında, əsasən Gəncə qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Gəncə qrupuna Gədəbəy, Şəmkir, Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy kimi ərazilərdə toxunan xalça və xalça məmulatları daxildir.
İdarə Heyətinin sədri “Azərxalça”nın Goranboy filialının toxucu kadr potensialının formalaşdırılması istiqamətində görülən işlərin istənilən səviyyədə olmadığını bildirib, istehsal prosesində keyfiyyət amilinə ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verib, kollektivi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Filialın direktoru Gülnaz Qurbanova, toxucu Zenfira Hacıyeva çıxış edərək onlar üçün yaradılan şəraitə görə kollektiv adından minnətdarlıqlarını bildirib və söz veriblər ki, keyfiyyətli xalçalar toxumaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Sonra hazır xalçalar kəsilib.