Gün o gündü…
Novruzqabağı
Xudafərin körpüsünün ətəyində
Araz Elsəs söz deyirdi,
saz deyirdi
Bayatı qoşurdu,
ağı deyirdi
Arazın sularına ağır-ağır
ağrı-ağrı
Araz oxuyurdu ağır-ağır,
Gün o gündü...
O taylı, bu taylı
bir millət baxır axı
(Körpü də yoldu axı...)
Bu taydan baxanda
o tay da görünür axı
Bu tayın söz azadlığı
O tayın göz azdlığına
qovuşub axırdı.
Ozan səsi
Azan səsinə qarışıb axırdı
Arazın sularında
ağır-ağır,
fağır-fağır...
Araz Araza qovuşub axı
Araz xına qoyub Arazın səsinə,
Xudafərin körpüsünün
daşına, kərpicinə
Gözün aydın, Xudafərin!...
Hər kərpic xınasına
Hər daşın naxışlı mamırına
alqış düşür.
Göz yaşıyla yoğrulan
Həsrətin yumurta sarısına
Yaddaşın mamır sayğısına
min şükür...
Dözümünə afərin, Xudafərin!
Biz üçrəngli bayrağı sancdıq –
Sərdik sinənə
O taylı,
Bu taylı
Gözaydınlığı.
Araz oxuyurdu, Arazbarı
Araz qırağı
Araz axırdı ağır-ağır,
ağrı-ağrı...
Əlisəmid Kür
Mart - 2023