
Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində bu dəfə dünya şöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. Bu barədə teatrın mətbuat katibi Turan Etibaroğlu məlumat verib.
Yeni tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanovadır.
Melodrama janrında hazırlanan tamaşada rolları əməkdar artist İlqar Cahangir, aktyorlar Oksana Rəsulova və Ziya Ağa ifa edib.
Məlumat üçün qeyd edək ki, “Yad qadının məktubu” Ştefan Sveyqin ən məşhur novellalarından biridir.Və dünyanın bir çox ölkələrində tərcümə olunub. Əsərdə məşhur romançı R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.
Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla xoş təəssüratlarını bölüşüblər.
Leyla QARAXANLI